Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun 2022-ci ildə ilk plenar iclası

 

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) UNESCO yanında qrupunun növbəti plenar iclası keçirilib. UNESCO-nun mənzil-qərargahında təşkil olunan iclasda qurumun İcraiyyə Şurasının sədri Tamara Rastovaç-Siamaşvili, Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO yanında daimi nümayəndələri iştirak ediblər.

Plenar iclası giriş sözü ilə açan Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev son 2 ildə dünyanı dəyişdirən COVİD-19 ilə mübarizənin davam etdiyini, pandemiyanın yeni çağırışlar, yeni çətinliklər yaratdığını qeyd edib. Vurğulanıb ki, 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan dünyanın hər yerində hər bir insan üçün COVİD-19 əleyhinə peyvəndin səmərəli və əlçatan olması istiqamətində səylərini davam etdirir.

Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük siyasi platforması olduğunu qeyd edən səfir diqqətə çatdırıb ki, UNESCO-nun yeni seçilmiş İcraiyyə Şurasında 58 ölkədən 34-ü QH üzvüdür.

Sonra UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovaç-Siamaşvili çıxış edib. O, İcraiyyə Şurasının yeni formatından, yeni seçilmiş üzvlərlə aparılan işlərdən söhbət açıb. Qoşulmama Hərəkatının çox mühüm platforma olduğunu vurğulayan İcraiyyə Şurasının yeni sədri iclas iştirakçılarının suallarını cavablandırıb.

İclasda Bakıda Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Azərbaycan Milli Bölməsinin təşkilatçılığı ilə ADA Universitetində keçirilmişMilli Qoşulmama Hərəkatının modeli simulyasiyası” konfransından danışılıb. Bildirilib ki, konfransda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gənclərin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinə qoşulmasının təşviq olunduğunu qeyd edibbunun innovativ həllər, sosial inkişaf gətirəcəyini və gənclərin şəbəkələşməsini formalaşdıracağını deyib.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Hökuməti 2022/2023-cü tədris ili üçün İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkənin nüfuzlu universitetlərində təqaüdlərin verilməsi haqqında qərar qəbul edib.

İclasda ötən plenar iclasın hesabatı dinlənilib və qəbul olunub. Tədbir QH ölkələrinin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.2.