Suqovuşanın azad olunduğu gün şəhadətə qovuşdu...

 

Ulularımız Vətən anadır, deyiblər. Onu qorumaq isə hər birimizin borcudur. Bunu hər bir Vətən övladı anlayır və məqamı yetişəndə öz borcunu yerinə yetirir. Şəhid Anar Cəfərov da ana yurdun dar günündə onun səsinə səs verən igidlərdən biri idi...

Anar Eyvaz oğlu Cəfərov 1977-ci il dekabrın 19-da Ağcabədi şəhərində anadan olub. Şəhər 12 saylı tam orta məktəbdə təhsil aldıqdan sonra bir müddət sürücü işləyib və şəxsi təsərrüfatla məşğul olub. Daha sonra Vətən qarşısında borcunu yerinə yetirib. Əsgərliyini başa vursa da, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətini davam etdirib. Xüsusi hərbi kurs bitirərək həmlə taborunda bölüyün baş tuşlayıcı minaatanı təyin olunub. Daha sonra Mingəçevir və Tərtərdə N saylı hərbi hissələrdə xidmət edib.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündən Anar da ön cəbhədə yerini alır. Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərir. Neçə-neçə düşməni məhv edir, strateji yüksəkliklərin düşməndən təmizlənməsində böyük hünər ortaya qoyur. Oktyabrın 3-də Suqovuşan istiqamətində gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır.

Şəhidin həyat yoldaşı Samirə Xuduyeva qeyd edir ki, Anarın qardaşları da hərb yolunu seçiblər: “Onun böyük qardaşı ehtiyatda olan mayordur. Kiçik qardaşı isə hazırda Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. Anar vətənpərvər insan idi. Ailəsinə, övladlarına qarşı hər zaman qayğıkeş olub. Müharibədən əvvəl təlimlərdə fəal iştirak edirdi. Onunla son görüşümüz sentyabrın 26-da oldu. Vətən müharibəsi zamanı imkan tapdıqca zəng edirdi. Oktyabrın 3-də – Suqovuşanın azad olunduğu gün Anara zəng etdim. Orada olduğunu bilirdim. Amma zəngimə cavab vermədi. Axşamüstü böyük qardaşı İftixar evə gələndə Anarın şəhid olduğunu anladım...”.

 

2008-ci ildə ailə həyatı quran Anarın Rəhman və Eyvaz adlı iki oğul övladı Vətənə əmanət qalıb. Onlar da vətənpərvər ruhda böyüyür, atalarının yolunu davam etdirəcəklərini söyləyirlər.

Anar Cəfərov oktyabrın 4-də Ağcabədi rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.6.