Bizim ustad
2015-ci ildə onun haqqında qələmə aldığım kitabı belə adlandırdım: “Bizim ustad”. Doğrudan da, o, əsl ustad idi. Sənətkarlığın, insanlığın, vətəndaşlığın, şəxsiyyətliliyin bütün gözəl keyfiyyətləri onun varlığında, ruhunda cəmləşmişdi. Tanrı bütün yaxşı nə varsa, ondan əsirgəməmişdi. Bir sözlə, hər mənada örnək idi. Odur ki, həmişə onun barəsində sevə-sevə məqalələr yazıb, verilişlər hazırlamışam. İndi isə hərfləri isladan göz yaşlarımla ürəyimdəki xatirələri sözə gətirməyə çalışıram. Nə qədər çətin olsa da, özümü toparlayıb yazmaq, düşüncələrimi sənətsevərlə bölüşmək istəyirəm. Axı, o, hamının sevimlisi idi. Bu yerdə ustadın öz misraları düşür yadıma:
Xalqı mən sevdiyim üçün, məni xalqım da sevir,
Ruhlandırır, qiymət verir, elə bil simuzərəm.
Əlibabayam, deyirəm mən də ürək sözlərimi,
Qoy öləndən sonra xalqım deməsin bisəmərəm.
Bəli, xalqını sevən və xalqın sevimlisi ustad Əlibaba Məmmədov öz zəngin yaradıcılığı və səmərəli fəaliyyəti ilə əsil vətəndaşlıq zirvəsinə ucaldı. O, bu zirvəyə addım-addım, pillə-pillə yetişmişdi. Qazandığı biliklər, nail olduğu uğurlar böyük zəhmətin bəhrəsi idi. Bir ömürdə neçə ömrün yükünü daşıdı. 70 il xanəndəlik, 45 il müəllimlik, 30 il “Hümayun” ansamblına rəhbərlik edən ustad 92 ildə 145 ilin zəhmətini çəkdi. Bu illər ərzində çoxlu sayda mahnı və təsniflər yaratdı, neçə-neçə tələbələr yetişdirdi. Gənclərin əlindən tutub həm onlara sənətin sirlərini öyrətdi, onları səhnəyə gətirdi, həm də saysız-hesabsız toy-düyünlərdə neçə-neçə gəncin sevgisini məlahətli səsi ilə rövnəqləndirib, gözəl ailələrin təməlini qoydu. Valideynlər övladlarının toyunu etmək üçün ustadın vaxtını izləyiblər, onunla hesablaşıblar. Afişaları konsert salonlarının qarşısında vurularkən onu dinləməyə gələnlərin sayı-hesabı bilinməyib.
Hətta konsertlərində tamaşaçılar ayaqüstə durmağa da razıymış ki, təki onu dinləsinlər. Budur sənətkarın böyüklüyü və böyük sənətkara xalq məhəbbəti. Bütün bu deyilənlərin hamısı “Bizim ustad” kitabında öz əksini tapıb. İndi isə o kitabın hər bir səhifəsi mənim üçün unudulmaz xatirəyə dönüb. Amansız ölüm xoş günlərin dolu düşüncələrini kövrək xatirələrlə əvəzləyib.
Aldatmasın gənclik səni,
O aldadıb çox kimsəni.
Əcəl gələrsə, bil, məni,
Bir daha görməyəcəksən.
Ustad, icazə verin bu misralarınızda razılaşmayım. Çünki Siz cismən aramızdan getsəniz də, ruhən həmişə yadımızda və yanımızda olacaqsınız. Axı, sənətkar heç vaxt ölmür. O, yaratdıqları sayəsində əbədi ömür qazanır. Əsl sənətkar xalqın milli sərvətidir. Bu sərvəti xalqla bərabər dövlət də qoruyur. Dəfələrlə onunla olan söhbətlərimizdə mən bu fikirləri söyləyərdim. O isə cavabında – sağ olsun, mənim balam, xalqımız da, dövlətimiz də – deyərdi.
Musiqiçilər ona “əmi”
deyə müraciət edirdilər. Mən isə çox vaxt “əmican” deyərdim.
Uzun illər
atam, respublikanın Əməkdar artisti Təhmiraz Şirinovun “Hümayun” ansamblında solist olaraq fəaliyyəti
bizim ustadla doğmalaşmağımızın təməli idi. Odur ki,
o mənə mənəvi
övlad kimi sevgi bəsləyirdi.
Bir çox yaradıcılıq
işlərimin ilk məsləhətçisi
idi. Uğurlarımı ustadla bölüşməkdən
xüsusi bir rahatlıq tapırdım.
Çünki hər bir işə ustadyana real qiymət verirdi, məsləhətlərini, tövsiyələrini
söyləyirdi. İstər həyat,
istər sənət məsələləri olsun
– ona müraciət edən hər kəs xeyir tapar, ondan bəhrələnərdi.
Əlibaba Məmmədov özündən
əvvəlki ustadlar və ulu muğamlarımızla
bağlı dəyərli
məlumatlara və mükəmməl bilgiyə
malik ustad idi. İndi ruhuna üz tutub deyirəm: Ustad, bu boşluğu
kim dolduracaq?
Elə bilirəm
ki, bu sualın
cavabı olmayacaq. Amma, əvəzində
elə ustadın sənət yadigarları onun yerini boş
qoymayacaq. Qədirbilən xalqımız və sənətkara dəyər
verən dövlətimiz
daim Əlibaba Məmmədov irsini yaşadacaq. Bu yerdə
möhtərəm Prezidentimiz
İlham Əliyevə
və ölkəmizin
Birinci-vitse prezidenti hörmətli Mehriban xanım Əliyevaya sənətkarın doğmaları,
yaxınları, musiqi
ictimaiyyəti və sənətsevərlər adından
Əlibaba Məmmədov
yaradıcılığına olan diqqətə və qayğıya görə sonsuz təşəkkürlərimizi bildiririk.
2015-ci ildə Əlibaba müəllimin həyat və yaradıcılığından
bəhs edən “Bizim ustad” kitabını
bu cümlə ilə bitirmişdim: “Bütün xidmətlərinə
görə bir daha ustada minnətdarlığımızı
bildirir, onun sənəti qarşısında
baş əyir və deyirik: Sağ olun, Ustad!”.
Amma çox təəssüf
ki, bu yazı
belə yekunlaşacaq:
“Ruhunuz şad olsun, Ustad!”.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi
Mədəniyyət.- 2022.- 2 mart.- S.4.