Üzünə baxmağa üzüm gəlmədi...

 

 

“Xocalı” abidəsi önündə düşüncələr

 

 

Yolum oradan, o başdan-başa məğrur və kədərli qadının yanından tez-tez düşür. Hər dəfə də istəyirəm ki, bu daş bədənin içindəki ürəyin atışlarını duyum. Ona onu anladığımı hissetdirim”, içimdəki dərin və izahsız boşluqda illərdir necə çapaladığımın izahını verim. Analar üçün ən dəhşətli, ən dözülməz ağrıdır övlad itkisi...

O postament üzərindəki – qucağında öldürülmüş övladı, üzündə bəşəri kədər olan “Xocalı ana” – daşdan yonulmuş olsa da, ruhu, müqəddəs və əzəmətli ruhu dipdiridir. O, qətiyyən adi heykəl deyil. Diqqətlə fikir vermisinizsə, Bakıdakı Xocalı prospektindəki bu abidə-qadın, əslində, ruh olaraq da oradabir gecədə yağmalanan, qan ilə boğulan Xocalıda, Qarabağdakı Xocalıda qalıb. Sənin, mənim eşitdiyim dilsiz harayı, səssiz naləsi də qulaqlarımıza oradan – Xocalının özündən gəlir. Sinəsinə sıxdığı körpəsini düz 30 ildir ki, buraxmır. Əslində, mələk olub uçduğunu, bədəninin buz kəsildiyini hamımızdan tez özü anlayır. Amma yenə də buraxmır. Bərk-bərk saxlayır, qoruyur. İmdad edə-edə Xocalını, bütün Qarabağı el-el gəzir, daş-daş qucaqlayıb torpaq-torpaq göz yaşları ilə suvarır...

İllərdir Xocalı faciəsini əks etdirən kadrlara, o məşum gecə haqqında şahid ifadələrinə axıracan baxa, dinləyə bilmirəm. Qəzəb qarışıq ağrı bütün ruhuma hopur. Düşmənin vurduğu bu yaranın ömrümüzün sonunadək sağalmayacağını dərk edəndə taqətim tükənir. Nə bilim, bəlkə də bu, itirilmiş uşaqlığımızın, nisgilli gəncliyimizin, həm də viran qalmış yurd yerlərimizin can verə-verə çəkdiyimiz yüküdür.

Xocalı faciəsi, bu amansız qətliam həm də yaddaş yaramız, düşməni, onun əsl simasını, niyyətini və heç vaxt bitib-tükənməyəcək nifrətini əbədi hiss edəcəyimiz ağrımızdır. Özübu, təkcə bizim yox, həm də lazım gələndə qulağı kar, gözü kor, dili lal olan dünya ilə qiyamətə qədər gedib çıxacaq haqq-hesabımızdır. Axı XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı millətindən asılı olmayaraq bütün insanlığın üz qarası, utancıdır.

Bəli, mənim Xocalı anam 30 ildir ki, laylasını ağıya, həsrətini vüsala, kədərini ümidə calayıb gözləyir. Əslində, son iki ildə o əzəmətli qadınla sözsüz dialoqumuzda xeyli dəyişiklik var. Ən böyük səbəb də Zəfərimizdir. Əzəmətli qadının qucağındakı körpəsindən əvvəl və sonra doğulan Vətən övladları Qarabağda Qələbə qazandılar. Mənfur düşmənin izləri Qarabağımızdan təmizləndi, təmizlənir, təmizlənəcək. Silahlar sussa da, mübarizəmiz davam edir. Şübhəsiz ki, hər bir azərbaycanlının ürəyi ilə dili arasındakı yolda nidaya çevrilib Xocalı. Bütün bunlara rəğmən onunla son görüşümüzdə – fevralın 25-də də yenə “göz-gözə gələ” bilmədik, bilmədim. Cəsarətim çatmadı, belim dikəlmədi, göz qapaqlarım qalxmadı...

Saat 17:50-dir. Heykəlin bir neçə metrliyi lentlənib. Sabahkı anım mərasimi üçün hazırlıq görülür. Xeyli sayda insan da abidə önündə təzim üçün növbədədir. Tez-tez “Əziz paytaxt sakinləri, tədbir ilə əlaqədar abidə ətrafında aparılır, xahiş edirik, sabah gəlin” sözlərinə kimsə məhəl qoymur. Batmaqda olan günəşin oğrun şölələrində üzü aydınlanan anaya sanki yaxınlaşıb təsəlli vermək üçün gözləyirlər. Bir növ həm özlərini, həm də onu bu yolla ovutmağa çalışırlar. Onların arasında valideynlərinin, baba-nənələrinin əllərindən tutub irəli dartan uşaqlar daha çox idi. Balaca əllərini havaya qaldırıb şəhadət barmaqları ilə ananın qoynundakı uşağı göstərib fasilə vermədən suallar yağdırır, izahlardan mütəəssir olub kədərlənirdilər. Bunu sezmək o qədər də çətin deyildi; küskün dodaqlar büzüşür, parıldayan gözlərdə yaşlar gilələnir, baxışlar yerə dikilirdi.

Xəfif külək (son bir neçə ildə hava ilk dəfə idi ki, bu qədər mülayim idi) “Yaxşı, ziyarətçiləri buraxın, işimizə sonra davam edərik” sözlərini qulaqlara pıçıldadı. Onlarla insan onun hüzuruna – heykəl qadının qarşısına tələsdi. Qardan, şaxtadan Xocalıda donan ayaqlarının əvəzinə Bakıdakı heykəlin ətrafını gül-çiçəyə qərq etdilər. Ehtiram, sevgi, kədər və düşmənə heç vaxt azalmayacaq nifrətin işartıları ilə...

Uşaqların aramsız, bəzən də cavabsız sualları səngimək bilmirdi. Məsələn, “Baba, o uşaq indi nə boydadı?”, “Baba, onlar Qarabağa qayıtdılar?”... Köks ötürən baba nə isə cavab tapmışdı, deyəsən. Dillənmək istəyəndə başqa bir uşağın onun nəvəsinə bildirdiyi “O heykəldir, necə böyüsün” sual-iradına, çətinliklə də olsa, gülümsədi.

Onun arxasınca saçları bəlkə də məhz 30 il öncə ağarmış yaşlı qadın çətinliklə addımlayırdı. Çiyninə düşən şalını başına çəkə-çəkə ahəstə-ahəstə laylalar, əzizləmələr deyirdi. Xüsusən “Xocalım bir gül idi...” sözləri. Bu yaşlı və ağrılı qadın ağır-ağır başını qaldırdı, heykəl qadına və körpəsinə uzun-uzadı tamaşa elədi. Sonra da əlini sinəsinə vura-vuraAnan ölsün, ay gəlin” deyib hıçqırdı. Onun 4-5 nəfərlik gənc qrupun yaşlarına xas maraqlaSiz də Xocalıdansız?” sualına cavabın yəqin ki, heç vaxt unutmayacam. Batıq səsi ilə “Bala itirən bütün anaları tanıyıram, ay qızım!” deyib əlindəki bir topa nərgizi qalaqlanmış çiçəklərin üzərinə qoydu.

Heykəlin ətrafını güllərlə bəzəyən, 26 fevral mərasimi üçün hər detalı xırdalığı ilə müzakirə edən təşkilatçıların “İcazənizlə, işimizə davam edək, axşam düşür axı” xəbərdarlığından sonra addımlar bir az da yeyinləşdi. Fevralın 26-na keçən gecənin qaranlığı düşdü sanki. Qəribə təsvir idi. Nə abidənin sağ və solundakı əsas yoldan ötən maşınların uğultusu, nə də piyadaların müvəqqəti keçidini təşkil edən polislərin səsucaldıcılarından qopan gurultu parkın ortasında təkbaşına dayanan səssiz qadının səsini “batıra” bilmədi.

Kədərli və vahiməli qaranlığı küçə işıqları qovdu. Prospekt park gur işıqlarla aydınlandı. Bu an, yalnız bu an içi mən qarışıq hamının gözündəki inam ümidin şölələri parıldadı. Xocalı adlı yara, nisgil, həsrət, ağrı hüznü unutmağa, unudulmağa qoymayan qələbələrin, xoş müjdəli sabahların, Qarabağı başdan-başa gəzib-dolaşmağın sarsılmaz ümidi...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.6.