Qəlblərə təravət gətirən şeirlər müəllifi

 

Fevralın 28-də Beynəlxalq Muğam Mərkəzində tanınmış şair, tərcüməçi Ələkbər Ziyatayın (1913-1982) xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Gecədə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Əməkdar müəllim Ofeliya Babayeva çıxış edərək Ələkbər Ziyatayın yaradıcılığından söz açdılar. Şairin tərcümələri, lirik şeirləri və uşaq ədəbiyyatına verdiyi töhfələr diqqətə çatdırıldı. Bildirildi ki, qəlblərə təravət gətirən şeirlər müəllifi olan şair Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilir. Yaradıcılığa keçən əsrin 30-cu illərində “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” şeirləri ilə gələn şair ədəbiyyatımızı çox dəyərli poetik incilərlə zənginləşdirib. Zahirən ağırtəbiətli, sakit, son dərəcə mehriban, qayğıkeş insan olan Ələkbər Ziyatay könül dincliyini doğma Azərbaycan ədəbiyyatına məhəbbətdə tapıb. Şair dilimizin saflığını, şirinliyini böyük ustalıqla qoruyub, tərənnüm edib, habelə diqqətəlayiq uşaq ədəbiyyatı nümunələri qələmə alıb. O, eyni zamanda Əlişir Nəvai, Homer, Lope de Veqa, A.Puşkin, N.Nekrasov, T.Şevçenko və başqalarının əsərlərini dilimizə çevirməklə bədii tərcümənin qabil ustası kimi tanınıb.

Qeyd olundu ki, Ə.Ziyatay həm də nəğməkar şair kimi şöhrət qazanıb. Onun qəlboxşayan şeir və qəzəllərinə yazılan musiqilər müğənnilərimizin, xanəndələrimizin repertuarında geniş yer tutub. “Qəlbim gəl deyir”, “Nə deyim”, “Səninləyəm”, “Azərbaycanım mənim”, “Bakı gecələri”, “Sənsən”, “Dilim-dilim ol, dilim”, “Olmalıydın, olmadın” kimi mahnılar dillər əzbərinə çevrilib, könülləri oxşayıb.

 

Şairin qızı Pərvin Cəfərova atasının xatirəsinə göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirdi, xatirələrini bölüşdü.

 

Daha sonra xatirə gecəsi bədii hissə ilə davam etdi. Aktyorların ifasında şairin şeirləri qiraət olundu. Konsert proqramında Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Zakir Əliyev, müğənnilər Rövşən Əziz, Sədəf Budaqova, Səbinə Ərəbli, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Vüsal Hacıyev və Gülyaz Fərəcova şairin sözlərinə yazılmış mahnıları ifa etdilər. İfaçıları Xalq artisti Adil Bağırovun rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblı müşayiət edirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.4.