Milli və xəlqiliyi ilə sevilən yazıçı

 

Ötən əsrin 60-cı illərində ədəbiyyata gələn, maraqlı əsərləri ilə diqqətçəkən və sevilən sənətkarlarımızdan biri tarixi romanlar müəllifi, ssenarist Fərman Kərimzadə olub. Görkəmli yazıçı dolğun yaradıcılıq fəaliyyəti dövründə qələmə aldığı “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri, daha çox isə “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşükimi romanları ilə tanınıb. Sevilən yazıçını anadan olmasının 85-ci ildönümü münasibətilə yada salırıq.

Fərman İsmayıl oğlu Kərimzadə 3 mart 1937-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində dünyaya göz açıb. Şərəfli tarixi, zəngin ənənələri olan bu qədim türk eli 1949-cu ildə məkrli erməni millətçilərinin haqsızlığı ilə üz-üzə qalır. Bu yurdun əzəli sakinləri doğma yurd-yuvalarından deportasiya edilirlər. 12 yaşlı Fərmanın ailəsi də elindən ayrı düşür. Onlar Beyləqan rayonunda məskunlaşırlar...

O, erkən çağlardan təsviri sənətə maraq göstərir. Rayonun Şahsevən kənd orta məktəbini uğurla başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur. Təhsilini bitirib təyinatla İsmayıllı və Beyləqan rayonlarında pedaqoji fəaliyyət göstərir. Asudə vaxtlarında yaradıcılığa da vaxt ayırır. Dövri mətbuatda məqalələri dərc edilir.

Pedaqoji fəaliyyətini dayandıran Fərman Kərimzadə Beyləqanda nəşr olunan “Yüksəliş” qəzeti redaksiyasında işə düzəlir. Ədəbi işçi, şöbə müdiri və məsul katib işləyir. Sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Ssenari fakültəsində təhsil alır. Vətənə döndükdən sonra Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetləri redaksiyasında ədəbi işçi, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kollegiya üzvü, “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri işləyir.

 

O, ədəbi aləmə 1958-ci ildə qələmə aldığı “41 nömrəli ayaqqabı” hekayəsi ilə gəlib. Daha sonra II Dünya müharibəsindən bəhs edən “Son eksponat”, “Toy toğlusu” hekayələrini yazıb. “Son eksponat” hekayəsində ana müharibədə qəhrəmanlıqla həlak olmuş oğlunun muzeydəki köynəyini – öz əli ilə toxuduğu köynəyi qorumağa çalışır...

Yazıçı “Xallı maral”, “Toy dəvətnaməsi” povestlərində, “Ölülər yalan danışmır”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalıq” və başqa hekayələrində müxtəlif xarakterli, fərqli taleli obrazların mənəvi aləminə işıq tutur. Ədib kəskin və düşündürücü ifadə vasitələri ilə xalq malına kəc baxanları, israfçıları hədəfə alır. Tüfeylimeşşan yaşayış tərzini ifşa edir.

Fərman Kərimzadənin 1967-ci ildə işıq üzü görən “Qarlı aşırım” romanı ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanır, müəllifə şöhrət qazandırır. Araşdırmalarda qeyd edilir ki, əsər əsasında müəllifin ssenarisi ilə rejissor Kamil Rüstəmbəyov 1971-ci ildə “Axırıncı aşırım” filmini lentə alıb. Film ekranlara çıxandan sonra yazıçı təhdidlərlə üzləşir. Qəmlonun mənfi obrazda verilməsi qəbul edilmir. Yeri gəlmişkən, həmin dövrdə müəllifin iştirakı ilə keçirilən görüş-diskussiyaların birində biziştirak edirdik. F.Kərimzadə söhbət əsnasında artıq-əskik heç nə yazmadığını, Qəmlo necə olubsa, elə də qələmə aldığını bildirdi: “Kərbəlayı İsmayıl, Qəmlo xalqımızın namuslu övladları olub... Əsəri onlar itib-batmasın deyə yazmışam...”.

“Qarlı aşırım” romanı erməni millətçiləri tərəfindən də etirazla qarşılanır. Əslində, əsərdə erməni məsələsindən söhbət getmir. Amma ermənilər Kərbəlayı İsmayıl, Abbasqulu bəy və Qəmlonun xalqımızın qanına susamış daşnaklara qarşı döyüşdüyünü bildirirdilər.

Azərbaycan kinosunun diqqətəlayiq nümunələrindən hesab edilən “Axırıncı aşırım” filmində əsas rollarda Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov, Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov və digər tanınmış sənətkarlar çəkilib. Film 1972-ci ildə Tiflisdə keçirilən V Ümumittifaq kinofestivalında iştirak edir. Adil İsgəndərov (Kərbəlayı) və Həsən Məmmədov (Abbasqulu bəy) “ən yaxşı kişi roluna görə mükafatına layiq görülürlər.

Görkəmli yazıçının milli və xəlqiliyi ilə seçilən əsərləri hər bir oxucuda maraq, qürur doğurur. Azərbaycan xalqının başına gətirilən bəlalara kəskin münasibət bildirən müəllif həm də cəsarət örnəyi göstərib. “Axırıncı aşırım” filmində Kərbəlayı İsmayılın dili ilə deyilən “Ə, nə hökumət, hansı hökumət?! Mən belə hökumət tanımıram!” sözləri sovet rejiminin çox sərt vaxtlarında – 1967-ci ildə yazılması bunun bariz nümunəsidir.

Müəllifin bu günmaraqla oxunan “Xudafərin körpüsü”, “Çaldıran döyüşütarixi romanları, digər povest və hekayələri də milli tarixə işıq salır.

Azərbaycan tarixini, milli mübarizlərimizi bizə yaxından tanıdan və sevdirən Fərman Kərimzadə 17 mart 1989-cu ildə, 52 yaşında vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.6.