Özünüzü “Yüksəliş”də sınayın

 

 

Bu il ölkəmizdə ikinci dəfə keçirilən “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi martın 31-dək davam edəcək.

Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsi ilə bağlı müraciət edib. Müraciətdə deyilir:

“Əziz dostlar, artıq ikinci dəfədir ki, təşkil olunan, sizə öz bilik-bacarıqlarınızı və qabiliyyətinizi göstərməyə şərait yaradan “Yüksəliş” müsabiqəsi cəmiyyətimizə bir çox istedadlı idarəçiləri tanıtdı. Bu gün Azərbaycan öz tarixinin ən şanlı və məsuliyyətli dövrünü yaşayır. Həm ümumi sosial-iqtisadi və mədəni inkişaf, həm də işğaldan azad olunmuş ərazilərə şanlı qayıdış ölkə rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş ən ali məqsədlərdəndir. Bu proseslərdə xüsusi idarəetmə bacarığı ilə seçilən insanlara böyük önəm verilir. Mən hər birinizi özünə güvənməyə və artıq öz potensialını təsdiqləmiş “Yüksəliş” müsabiqəsinə qatılmağa çağırıram”.

Qeyd edək ki, qeydiyyat mərhələsinə fevralın 17-də start verilən “Yüksəliş” müsabiqəsində 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. Qeydiyyat müsabiqənin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı müvafiq sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.3.