Xalq artisti son mənzilə yola salınıb
Milli muğam
sənətinin inkişafında
böyük xidmətləri
olan ustad xanəndə Əlibaba Məmmədov həmçinin
bir çox ifaçıların repertuarını
bəzəyən mahnı
və təsniflərin
müəllifi idi. Sənətkarın
ən populyar bəstələrindən olan
“Yaşa hələ...”
mahnısı (söz
– Hüseyn Arif) bu misralarla başlayır:
Səfərdəyəm, səfərimi
Vurmamışam başa hələ...
Uzun bir ömür, xalqın sevgi və rəğbəti ilə müşayiət olunan zəngin sənət həyatı yaşayan Əlibaba Məmmədov fani dünya səfərini başa vurub əbədiyyətə qovuşdu...
Fevralın 26-da 1-ci Fəxri xiyabanda Xalq artisti Əlibaba
Məmmədovun dəfn
mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin
əməkdaşları, mədəniyyət,
incəsənət xadimləri,
ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Mərhumun məzarı üzərinə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva adından əklil qoyulub.
Mədəniyyət naziri Anar Kərimov Əlibaba Məmmədovun yaradıcılığından və muğam sənətinə töhfələrindən söz açıb. Bildirib ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsnif yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub. Bu mahnılar xalq tərəfindən sevilir.
Diqqətə çatdırılıb ki, müəllimi Seyid Şuşinskidən öyrəndiklərini təkmilləşdirərək gənc nəslə ötürən Əlibaba Məmmədov Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti ona xalqın sevgisini qazandırıb. Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün sənət məktəbidir.
Mərasimdə tanınmış sənətçilər Əlibaba Məmmədovla bağlı ürək sözlərini bölüşüblər.
Xalq artisti, professor Ramiz Quliyev deyib: “Əlibaba Məmmədovu gənclik illərimdən, filarmoniyada çıxış etdiyim vaxtlardan tanıyıram. Məşqlər zamanı o, bizə yaxınlaşıb hamımızla görüşür, biz də onu böyük sayıb “əmi” deyə müraciət edərdik. Əlibaba Məmmədov bir sənətçi kimi özündən sonra oxuduğu mahnılarını, lent yazılarını qoyub getdi. O, bununla dövlətə, torpağa olan sadiqliyini nümayiş etdirdi. Əlibaba Məmmədov öz mahnıları ilə insanlara ruh verirdi. Bu yaxınlara qədər ona zəng edib əhvalını soruşurdum. O da cavabında “yaxşı” deyirdi. Bu, bir dostluq nümunəsi, insanlara bəslədiyi sevginin göstəricisi idi. Xalq onun sənətini unutmayacaq, daim yaşadacaq...”.
Xalq artisti Alim Qasımov bildirib ki, Əlibaba Məmmədovu bütün xalq sevir. Muğam aləmində Əlibaba Məmmədov gözəl ömür yaşadı, öz çələngini, sənətini bizə təhvil verib getdi.
Xalq artisti Mənsum İbrahimov deyib: “Əlibaba Məmmədov gözəl xanəndə, gözəl pedaqoq, çoxlu sayda mahnının müəllifi idi. Mən hər zaman onun davranışından, insanlara münasibətindən nümunə götürmüşəm. O qədər pozitiv, insanlarda xoş ovqat yaradan insan idi ki… Onun xatirəsi xalqımızın xatirəsindən silinməyəcək. Tək onun Vətən müharibəsində dillər əzbəri olan “Xudayar” təsnifini (ilkin adı “Vətən yaxşıdır” – red.) xatırlatmaq kifayətdir ki, bunu əminliklə deyək...”.
Mədəniyyət.- 2022.- 2 mart.- S.4.