“Hər birimiz bir çiçək” – Abdulla Şaiqin doğum günü qeyd edilib

 

 

Fevralın 24-də maarifpərvər şair, yazıçı, Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr vermiş Abdulla Şaiqin (1881–1959) anadan olmasının 141-ci ildönümü tamam olub.

Bu münasibətlə Abdulla Şaiqin Mənzil-Muzeyində Bakı şəhəri 54 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Hər birimiz bir çiçək" adlı tədbir keçirilib.

Tədbirdə Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin direktor müavini Təranə Seyidova, ədəbiyyat müəllimi Rəfiqə Hüseynova, Abdulla Şaiq adına kitabxananın müdiri Yəmən Əmirova, mənzil-muzeyin müdiri Ülkər Talıbzadə, muzeyin əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, Günel Əsədova, Arzu Nuralıyeva çıxış ediblər.

Çıxış edənlər Abdulla Şaiqin zəngin yaradıcılığından, maarifçilik fəaliyyətindən söz açıb, ədibin adını daşıyan mədəniyyət və təhsil ocaqlarından bəhs edib, muzeyin yaradıcısı – ədibin oğlu akademik Kamal Talıbzadə haqqında xatirələrini bölüşüblər.

Mənzil-muzeyin və Abdulla Şaiq adına kitabxananın kollektivləri 54 nömrəli məktəb tərəfindən Şaiqin anadan olmasının 140 illik, muzeyin 30 illik yubileyləri münasibətilə fəxri fərmanla təltif ediliblər.

Tədbirin bədii hissəsində məktəblilər ədibin müxtəlif şeirlərini söyləyib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Abdulla Şaiqin doğum gününə həsr edilən slaydşou nümayiş olunub.

Sonda muzeyin direktoru Ülkər Talıbzadə qonaqlara təşəkkürünü bildirib. Xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.- 2022.- 2 mart.- S.7.