“İRS” beynəlxalq jurnalı qazax dilində

 

 

Azərbaycan haqqında həqiqətlərin dünyada yayılmasına töhfə verən “İRS” beynəlxalq jurnalının qazax dilində (“İRS-MYRA”) növbəti nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində ölkəmizin, o cümlədən Qarabağın mədəniyyəti, qədim tarixi, Ermənistanın işğalçı siyasəti və onun məkrli nəticələri, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar haqqında məlumatlar yer alıb.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin (aşağı palata) Xarici əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Ayqul Kuspan “Azərbaycan qeydləri” başlıqlı məqaləsində ötən ilin sentyabr ayında Azərbaycana səfəri haqda təəssüratlarını bölüşüb, Qarabağda aparılan quruculuq işləri barədə məlumat verib.

Almas AltayAzad Qarabağ: Türk dünyasının ortaq qələbəsi” adlı məqaləsində Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə Qələbəsindən sonra yeni geosiyasi vəziyyətin formalaşmasından bəhs edir.

Nurgeldi Əbdiğaniulı “Bülbül gülü, həm də azad Şuşa” adlı məqalə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin  beşiyi olan qədim şəhərimiz haqqındadır.

Rusiyalı alim, tarix elmləri namizədi Oleq KuznetsovunQarabağ: hərb və sülh” məqaləsində Azərbaycanın işğal olunmuş ərazilərində maddi mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması oxucuların diqqətinə çatdırılır.

Qazaxıstan M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktoru Kenjexan Matıjanov “Nizami aləmi” məqaləsində böyük Azərbaycan şairi və mütəfəkkirinin əsərləri və ölməz ideyaları haqqında məlumatları qazax dilində oxucuların diqqətinə çatdırır.

Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyit Tüymebayevin “Zirvələrə yüksələn qardaş ölkə” adlı məqaləsində ölkələrimizin müstəqillik illərində tarixi dostluqdan strateji müttəfiqliyə gedən yolda qazandığı uğurlardan bəhs olunur.

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.8.