Yel baba – həyatın, canlılığın təməli...

 

Novruza doğru

 

 

Novruzun ilaxır çərşənbələrindən üçüncüsü hesab edilən Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Ümumiyyətlə, hava həyatın, canlılığın bir nömrəli təməlidir. Bəzən bir şeyin zəruriliyini “hava, su kimi lazımdır” deyə vurğulayırıq. Bu, sözsüz ki, onların əhəmiyyətlilik dərəcəsinin göstəricisidir.

Bu il martın 8-nə təsadüf edən Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə” və s. adlarla tanınır. Mərhum folklorşünas alim, professor Azad Nəbiyev Yel çərşənbəsi haqqında yazırdı: “Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən istiya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi kimi qəbul edilir”.

Qışın çətinliklərindən bezən, azuqənin azaldığını görən insanlar yazın gəlməsini həm də küləkdən, yeldən istəyərdilər. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar:

 

A Yel baba, Yel baba,

Tez gəl, baba, gəl, baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

 

Dən yığılıb dağ olsun,

Yel babamız sağ olsun.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba...

 

Yel baba, eyni zamanda klassik ədəbiyyatda Səba adı ilə özünü göstərir. O, aşiqlərin arzularını bir-birinə çatdıran vasitə kimi çıxış edir. Məsələn, Şah İsmayıl Xətainin “Dəhnamə” poema-məsnəvisində Səba yeli aşiq-məşuq arasında məktub mübadiləsini həyata keçirir. Yelin çatdırma, qovuşdurma missiyasına bir sıra şairlərin yaradıcılığında da təsadüf edirik. Əbülqasim Nəbatinin məşhur “Gəlsin, gəlməsin” qoşmasında yarın intizarında olan aşiq bütün istək və yalvarışlarının ünvana çatması üçün Səba yelinə üz tutur.

Bəzi folklor nümunələrində həftənin ayrıca Yel gününün (bazar ertəsi) olduğu da qeyd edilir. Bildirilir ki, həmin gün yel pis nəfəsləri, şəri el-obadan təmizləyər, heyvanata da təmiz nəfəs verər. Göründüyü kimi, bu inancda yelin (havanın) təbiəti oyandırmasından daha çox hifz etmək missiyası önə çəkilir. Maraqlıdır ki, xalq dilində “Vədə yeli” ifadəsi də varonun Novruz ərəfəsində əsdiyi qeyd olunur. İnanca görə, insanlar məhz Vədə yeli vasitəsilə baharın müjdəsini alırlar. Bu yel qışın sərtliyini “qovub” aparır, əvəzində mülayim bahar mehini gətirir. Nəticədə təbiət qış yuxusundan oyanır...

Bəli, artıq təbiət cana gəlir. Tumurcuqlar gözə dəyir. Bəzi ağaclarsa hətta tələsib çiçək açıb. Quşlar da bahar nəğməsini zümzümə etməyə başlayıb. Səməni üçün qablara yığılan taxıl isə “diş ağardır”. Yəni bütün əlamətlər Novruzu soraq verir. Amma qarşıda Torpaq çərşənbəmiz var. Martın 15-də onu da qarşılayıb Novruz süfrəsinə, bayram tonqalına hazırlaşaq...

 

Yel çərşənbəniz mübarək!

 

Fariz Yunisli

 

Mədəniyyət.- 2022.- 4 mart.- S.7.