Rənglərdə yaşayan
“Mistik ruhun ömrü”
Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Mirnadir Zeynalovun (1942-2021) YARAT Müasir İncəsənət Məkanının 10 illiyi çərçivəsində açılan “Mistik ruhun ömrü” adlı retrospektiv sərgisi davam edir. Sərgi həm də bir il öncə əbədiyyətə qovuşan rəssamın 80 illiyinə həsr edilib.
Bu günlərdə sərgini ziyarət etmək imkanımız oldu. Ötən ilin noyabrında açılan sərgi Abşeron təsviri sənət məktəbinin yetirməsi olan Mirnadir Zeynalovun daxili dünyasının bədii aynası kimi tamaşaçıların da ruhuna və şüuruna işıq tutur. Rəssamın müxtəlif mövzulu əsərləri həm düşündürür, həm də bilgi verir. Təqdim olunan əsərlər sırasında fırça ustasının xarici ölkələrə səfərləri zamanı xalqların qədim mədəniyyətlərinə biganə qalmadığını da görürük. Hindistan, Misir, Yaponiya kimi ölkələrin incəsənəti, təbiəti, tarixi və fəlsəfəsi haqqında dərin bilgilərlə rəssam öz fərdi dəst-xəttini zənginləşdirməyə nail olub.
Əlvan rənglərlə, mücərrəd formalarla, canlı ritm, emosional və ekspressiv rəmzlərlə zəngin olan bu əsərlərdə Mirnadir Zeynalovun özünəməxsus tərzi diqqəti cəlb edir.
Fəal bədii yaradıcılığa 1970-ci illərdən başlayan rəssam Azərbaycan boyakarlığında məxsusi yerə sahibdir. Onun dəst-xətti həmişə tanınır, emosional, ekspressiv tabloları öz bədii keyfiyyətləri, ideya orijinallığı, məharətli icra texnikası, yenilikləri və daimi axtarışları ilə seçilir. Sərgidə tez-tez qarşımıza çıxan kollaj və instalyasiya elementləri rəssamın yaradıcılığında rəngkarlıq kompozisiyalarının ayrılmaz hissəsi olduğundan xəbər verir. Mücərrəd formalara, milli simvolikaya üz tutan, öz daxili dünyasını abstrakt üslubda daha dolğun ifadə edən fırça ustasının yaradıcılığında realist üslubda işlənmiş portretlərə, lirik mənzərələrə, eyni zamanda yalnız müxtəlif rəng çalarlarının məharətlə istifadə olunduğu abstrakt həllərə qədər fərqli janr və üslublara rast gəlirik.
YARAT Müasir İncəsənət Məkanının böyük sevgi ilə hazırladığı sərgidə müəllifin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mirnadir Zeynalovun özünün qalereyası, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından 60-dan artıq əsəri nümayiş olunur. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır. Kurator qeyd edir ki, sərginin əsas ideyası tamaşaçını Mirnadir Zeynalovun əsərlərinin yaratdığı ab-havaya qərq etmək və seyrçiyə fiqurativlik və abstraksiya arasında tarazlıq yaradan rəssamın yaradıcılıq həyatının ritmini hiss etdirməkdir. Bununla da rəssamla seyrçi arasında “ünsiyyətə” nail olaraq sənətkarın mistik ruhunun ölməzliyini vurğulamaqdır.
Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək bir neçə tematik zala bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığını bütün incəlikləri ilə əks etdirir. Bu ekspozisiyanı Kollajlar zalı məntiqi şəkildə davam etdirir. Məlumdur ki, rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi. Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəm və ailəvi xarakter daşıyır. Burada Mirnadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın avtoportretləri də nümayiş etdirilir. Mənzərələr zalını isə rəssamın kiçik vətəni, yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanın – Abşeronun himni adlandırmaq olar. Burada, bir sözlə, Abşeron ritmlərini hiss edirik.
“Ömür yolu” adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Nümayiş olunan əsərlərdə rəng və duyğular, həyat və düşüncələr, müxtəlif bucaqlı baxışların əksini görə bilirik. Qrafika zalında tamaşaçı yenə dərin düşüncəyə qərq olur. Çünki bu zalda tamaşaçılar unikal əsərlərlə qarşı-qarşıya qalırlar. Muzeyin sərgi haqqında təqdim etdiyi məlumatda deyilir ki, bu zalda nümayiş olunan monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində, demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilib.
Sərgi zallarında divarlara kiçik həcmli şeirlər də həkk olunub. Bu şeirlər Mirnadir Zeynalovun əsərlərinin ideyalarını tamamlamaq, daha yaxşı qavranılmasına kömək etmək məqsədi daşıyır.
Ekspozisiyada diqqətimi bir köhnə telefon cəlb edir. Sakitcə, susan bir telefon. İlk əvvəl rənglərin fonunda telefon səs-səda elementi kimi görünsə də, muzeyin ideya və yanaşmalarının fərqliliyinə varıb dəstəyi qaldırıram. Və budur, rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları sərgi zalındakı vintaj telefonun dəstəyini qaldırmaqla dinləmək mümkündür.
Sərginin sonuncu zalındayıq. Sərgini Mirnadir Zeynalovun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır. Bununla yanaşı, sərgidə sənətkarın musiqi alətlərindən ibarət şəxsi kolleksiyası da nümayiş olunur.
Onu da qeyd edək ki, sərgidə rəssamın vəfatından bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film də təqdim olunur. “Sənətkarın həyatında bir gün” formatında qurulan film-monoloq Şirin Məlikovanın təşəbbüsü və “Bakı Abadlıq Xidməti” ASC-nin dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.
“Mistik ruhun ömrü” sərgisi aprelin 3-dək ziyarətçilər üçün açıq olacaq.
Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində dünyaya gəlib. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsində təhsil alıb. Əsərlərində Abşeron təbiəti, mənzərələri önəmli yer tutur. Sənətkar 1987-ci ildə Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” kimi peyzajları, həmçinin “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” kimi bir sıra qadın portretlərini yaradıb.
Rəssamın dəfələrlə fərdi
sərgiləri keçirilib. Əsərləri
Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənib.
10 mart 2021-ci ildə vəfat edib.
L.Azəri
Mədəniyyət.- 2022.- 4 mart.-
S.7.