Böyük ədib və ideoloq

 

 

Əli bəy Hüseynzadə təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında ədəbi-ictimai və maarifçi, düşüncənin inkişafında mühüm xidmətləri olan şəxsiyyətlərimizdəndir. Martın 17-də müstəqil dövlətçiliyimizin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən görkəmli ədibin vəfatının 82-ci ildönümüdür.

Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə 24 fevral 1864-cü ildə Salyan şəhərində dünyaya göz açıb. Atası vaxtsız vəfat etdiyinə görə babası, Qafqazın şeyxülislamı Axund Molla Əhmədin himayəsində böyüyüb. O, din xadimi olmasına baxmayaraq, dövrünün açıqfikirli insanlarından idi. Azərbaycanda ilk dəfə illəri hicridən miladiyə çevirmək üçün sinxron təqvim cədvəli hazırlayıb. Molla Əhmədin Tiflisdə yaşayan tanınmış azərbaycanlı ziyalılardan M.Ş.Vazeh, A.Bakıxanov və  M.F.Axundzadə ilə dostluq əlaqələri olub. Əli bəy məhz belə bir ziyalı mühitində böyüyüb. O, ibtidai təhsilini vaxtilə atasının dərs dediyi məktəbdə alıb. Sonra təhsilini 1875-ci ildə 1-ci Tiflis gimnaziyasında davam etdirib, burada rus dilini öyrənib. Sonra babasının köməkliyi ilə ərəb və fars dillərini də mənimsəyib.

1885-ci ildə gimnaziyanı müvəffəqiyyətlə başa vurur. Ali təhsil ardınca Rusiyaya gedən Əli bəy sənədlərini Sankt-Peterburq Bədii Akademiyasına verir. Ancaq fikrindən daşınır, Sankt-Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olunur. Burada təhsillə yanaşı, Şərq fakültəsində tanınmış professorlar D.Mendeleyev, Y.Vaqner, N.Menşutkin, N.Beketov, V.Jukovski və başqalarının elmindən bəhrələnir. Eyni zamanda imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə yaxından tanış olur, “Xalqçılar” hərəkatına rəğbət bəsləyir.

Araşdırmalarda qeyd olunur ki, bu dövrdə öz üzərində fasiləsiz işləyən Əli bəy Hüseynzadə latın, yunan, fransız, almaningilis dillərini də mükəmməl öyrənir. Qədim yunan və Qərbi Avropa müəlliflərinin əsərlərini orijinaldan oxuyur. 1887-ci ildə Sankt-Peterburqda çar III Aleksandra sui-qəsd edilir. Bundan sonra başlayan yersiz təqiblər üzündən Əli bəy Rusiyanı tərk etmək məcburiyyətində qalır... Türkiyəyə gedən Əli bəy İstanbul Universitetinin Hərbi tibb fakültəsində təhsilini davam etdirir. Universiteti dermatoloq ixtisası üzrə başa vurur. Professor Kamal Cənabla birgə hazırladığı “Ensiklopedik tibb lüğəti”ni nəşr etdirir. Rəssamlıq fəaliyyəti ilə də məşğul olan Ə.Hüseynzadə Azərbaycan yazıçısı Zeynalabdin Marağayininİbrahim bəyin səyahətnaməsi” əsərinə illüstrasiya çəkir. Qələmini tərcümə sahəsində də sınayır. Ö.Xəyyamın bir neçə rübaisini, F.Bondenştedt, İ.Höte, H.Heynenin əsərlərini türk dilinə tərcümə edir.

Ə.Hüseynzadə müsabiqə yolu ilə İstanbul Universitetində vaxtilə təhsil aldığı fakültədə professor köməkçisi vəzifəsinə işə götürülür. Siyasi baxışlarına görə müəyyən problemlərlə üzləşir, çıxışları hakim dairələr tərəfindən birmənalı qarşılanmır. Təqib və təhdidlərə görə 1904-cü ilin əvvəlində Fransaya gedir. Bir müddət sonra Bakıya dönür. Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Əhməd bəy Ağayevlə birgə 1905-ci ildə “Həyat” qəzetinin nəşrinə başlayırlar. 1906-cı ildə Ə.Hüseynzadə qəzetin redaktoru olur. O daha sonra Tağıyevin maddi dəstəyi ilə 1906-cı ildə həftəlik ədəbi, elmiictimai-siyasi jurnal olan “Füyuzat”ı nəşr etdirir. Jurnalda Azərbaycanın tanınmış şair və yazıçılarından Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səid Səlmasi, Abdulla Şaiq, Abbas Səhhət, Əlipaşa Səburun şeir və məqalələri dərc edilir. Eyni zamanda Avropanın məşhur müəlliflərindən V.Şekspir, C.Bayron, F.Şiller, İ.Höte, V.Hüqo və digərləri haqqında yazılara da yer verilir, əsərlərinin tərcümələri işıq üzü görür. 1907-ci ildə “Füyuzat” məcmuəsi bağlandıqdan sonra Əli bəy fəaliyyətini pedaqoji sahədə davam etdirir. 1908-1910-cu illərdə “Səadət” Ruhani Xeyriyyə Cəmiyyətinin Bakıda təsis etdiyi “Səadət” məktəbində türk dili və ədəbiyyatı müəllimi, direktor işləyir. O, müdir olduğu dövrdə müəllimlər işə müsabiqə yolu ilə qəbul edilirdi.

Ə.Hüseynzadə Bakıda yaşadığı dövrdə ədəbi yaradıcılıqla yanaşı, təsviri sənətə də vaxt ayırır. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən “Şeyxülislamın portreti”, “Bibiheybət məscidinin görünüşü” və digər əsərlərini yaradır.

 

Əli bəy 1910-cu ildə yenidən İstanbula gedir. “Türk yurdu” cəmiyyətinin üzvləri arasında yer alır. “İttihad və tərəqqi” təşkilatına üzv seçilir. Bu təşkilatın xətti ilə 1915-1916-cı illərdə Qərbi Avropa ölkələrində olur. Rusiya müsəlmanlarının problemləri ilə maraqlanır. 1919-cu ildə İstanbul ingilislər tərəfindən işğal edildiyi vaxt digər “ittihadçı”lar kimi həbs olunur. Lakin qısa müddət sonra azad edilir. O, İstanbulda Heydərpaşa hərbi xəstəxanasının Tibb fakültəsində dəri-zöhrəvi xəstəlikləri üzrə müəllim işləyir.

Ə.Hüseynzadə bir daha vətənə 1926-cı ildə, I Türkoloji Qurultayda fəxri qonaq kimi iştirak etmək üçün gəlir. Tədbirdə sanballı məruzə ilə çıxış edir. Geri döndükdən sonra Türkiyə Prezidenti Mustafa Kamal Atatürkə sui-qəsddə ittiham edilərək həbs olunur. Sonra onun günahsız olduğu üzə çıxır və azad edilir.

Böyük mütəfəkkir ədib, türkçülük, müasirlikİslam fəlsəfi üçlüyü bayrağımızın ideoloji əsasını təşkil edən Əli bəy Hüseynzadə 17 mart 1940-cı ildə, 76 yaşında İstanbulda dünyasını dəyişib. Şəhərin Qaracaəhməd məzarlığında dəfn edilib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.6.