Bahar çələngi”

 

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində incəsənət sərgisi

 

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Bahar çələngi” adlı incəsənət sərgisi açılıb. Tədbirdə AMM-in əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin (ÖADC) üzvləri, ictimaiyyət nümayəndələri, ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.

Sərgidə Azərbaycan və Özbəkistanın milli geyimləri, kəlağayılar, özbək ipəyinin şah əsəri sayılan adraslar, xalça və süzənələr, gəlinciklər, rəsmlər yer alıb.

AMM-in direktoru Samir Abbasov hər bir xalqın özünəməxsus incəsənətinin, milli geyim mədəniyyətinin olduğunu qeyd edərək sərginin zəngin mədəni irsimizi özündə əks etdirdiyini söyləyib: “Sərgi xalqlarımızın çoxəsrlik maddi-mənəvi dəyərlərini və istedadını nümayiş etdirir. AMM milli geyimlərin təbliği və nümayişinə xüsusi önəm verir. Daşkəndlə yanaşı, ölkənin bir sıra böyük şəhərlərində də dəb sərgiləri, dəfilələr təşkil olunur...”.

ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov nəsillərdən-nəsillərə ötürülən milli dəyərlərimizin, adət və ənənələrimizin, mədəni irsimizin tanıdılması və təbliğinin əhəmiyyətli olduğunu vurğulayıb. Bahar çələngi” sərgisində həm Azərbaycan, həm də Özbəkistan mədəniyyət və incəsənətinə aid gözəl sənət əsərlərinin nümayiş etdirildiyini deyən E.Nuriddinov özbək milli geyimlərinin tanınmış modelyer Nərgiz Qafurova tərəfindən hazırlandığını söyləyib.

AMM-in nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının ifasında milli rəqslərimiz təqdim olunub.

Bahar çələngi” sərgisi martın 20-nə qədər Azərbaycan Mədəniyyət Mərkəzində ziyarətçilər üçün açıq olacaq.

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.8.