“Həyatın ilmələri”

 

Qocaman xalçaçı haqqında sənədli filmin təqdimatı

 

 

Martın 9-da Nizami Kino Mərkəzində “Həyatın ilmələri” sənədli filminin təqdimatı keçirildi. Film Azərbaycan xalça sənətinin inkişafında, bu qədim mirasın gələcək nəsillərə ötürülməsində mühüm xidmətləri olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunan filmin ssenari müəllifi Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Təqdimatda nazirliyin Audiovizualinteraktiv media şöbəsinin müdiri Rüfət Həsənov, mədəniyyət xadimləri, filmin yaradıcı heyəti iştirak edirdi.

Giriş sözü söyləyən Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qeyd etdi ki, Zəhra Əliyeva həyatını xalçaçılıq sənətinə həsr edib: “O, uzun illərdir Milli Xalça Muzeyində çalışır. Muzeyimizdə Ənənəvi texnologiyalar şöbəsi fəaliyyət göstərir. Bu şöbədə biz unudulmuşunudulmaqda olan xalça texnologiyalarını bərpa edirik. Bu işdə Zəhra xanımın rolu əvəzsizdir. O öz bilik və təcrübəsini toxucularımızdan əsirgəmir”.

Şirin Məlikova bildirdi ki, Zəhra Əliyeva ekran işində bir aktrisa kimi də çıxış edir, baş qəhrəmanı – özünü oynayır: “O, filmdə öz həyatı, müəllimləri və onlarla birgə yaratdığı xalçaları haqqında danışır. Belə bir yaradıcı insanı hər kəs tanımalıdır...”.

Filmin rejissoru Mübariz Nağıyev dedi ki, heç bir aktyor bu ekran əsərində Zəhra xanım kimi təbii oynaya bilməzdi: Filmin qəhrəmanı həm kadrda, həm də kadr arxasında elə bir atmosfer yaratdı ki, çəkilişlər zamanı yaradıcı heyət demək olar, yorulmadı. Mən özümü çox xoşbəxt hiss edirəm ki, Zəhra xanım kimi bir insanı tanıdım. Arzu edirəm ki, o hələ uzun illər gənc xalçaçılara bu sənətin sirlərini öyrətsin...”.

Çıxışlardan sonra “Həyatın ilmələri” filmi nümayiş olundu.

Ekran işinin qəhrəmanı Zəhra Əliyeva çıxış edərək göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, Zəhra Əliyevanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkarın zəngin yaradıcılıq təcrübəsi və həyat yolu öz əksini tapıb. Filmdə həmçinin arxiv materiallarına istinadən görkəmli xalçaçı rəssamlar Lətif Kərimov, Cəfər MüciriKamil Əliyev haqqında xatirələr yer alıb. Sənədli film Bakıda – Zəhra Əliyevanın evində, Milli Xalça Muzeyində, eləcə də İsmayıllı və Xızı rayonlarında lentə alınıb.

 

Nurəddin Məmmədli

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.3..