Kitabxana və nəşriyyat işi sahələrində əməkdaşlıq
və təcrübə mübadiləsi
Azərbaycan nümayəndə heyəti
Türkiyədə səfərdədir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi arasında kitabxana və nəşriyyat işi sahələrində geniş şəkildə əməkdaşlıq və təcrübə mübadiləsi başlanıb.
Türkiyə tərəfin dəvəti ilə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının əməkdaşlarından ibarət nümayəndə heyəti İstanbul Beynəlxalq Naşirlər Həftəsinə və kitabxana işi üzrə təlimlərə qatılıb.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan xalq kitabxanalarının fəaliyyətinə dair təlimlər 6 mart tarixində keçirilib. Nümayəndə heyəti xalq kitabxanalarında tətbiq olunan təsnifləşdirmə və indeksləşdirmə sistemləri ilə tanış olub. UOT (Universal Onluq Təsnifatı), KBT (Kitabxana Biblioqrafiya Təsnifatı) mövzularında fikir mübadiləsi aparılıb, iki ölkə arasında kitabxana işi üzrə sistemlərin eyniləşdirilməsi perspektivləri müzakirə edilib.
Nümayəndə heyəti həmçinin martın 7-də Naşirlərin Fikir Marafonu (İdeathon) və Beynəlxalq Ədəbi Tərcümə Proqramının açılış mərasimlərində iştirak edib və keçirilən tədbirlərin formatı və iş prinsipi ilə tanış olub.
Martın 9-da Naşirlərin Fikir Marafonu qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Qeyd edək ki, İstanbul Beynəlxalq Naşirlər Həftəsində kitabxana və nəşriyyat işi üzrə 72 ölkədən 332, Türkiyə Respublikasından isə 223 iştirakçı təmsil olunur.
Azərbaycan heyətinin tərkibinə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, şöbənin baş məsləhətçisi İslam Hüseynov və Azərbaycan Milli Kitabxanasının əməkdaşı Nazim Azakov daxildir.
Kitabxana və nəşriyyat işi üzrə təlimlər və təcrübə mübadiləsi mart ayının 13-dək davam edəcək.
Mədəniyyət.- 2022.- 11 mart.- S.3.