Xanın xatirəsi ilə havalanan musiqi axşamı
Bu il ölkəmizdə
“Şuşa İli” kimi tarixə düşəcək. Azərbaycan
mədəniyyətinin paytaxtı,
şeir, sənət,
musiqi, muğam beşiyi il
ərzində silsilə
tədbirlərlə alqışlanacaq...
Qarabağımızın baş tacı qədim şəhərin
adı ilə başlayan musiqi, muğam sehrli tədbirlərdən biri də martın 5-də Heydər Əliyev Sarayında baş tutdu. Ruhumuza layla deyən
muğam və təsniflərin bənzərsiz
ifaçısı, ölməz
Xan Şuşinskinin xatirə gecəsinin sorağı ilə yüzlərlə musiqisevər
saraya axın etdi.
“Şuşa İli”
çərçivəsində keçirilən gecə əsl sənət meydanı idi. Muğam və
təsniflərimiz, xalq
və bəstəkar mahnılarımız istedadlı
ifaçıların zəngulələrində
gah zilə qalxıb şahlanır, gah da bəmə
düşüb nazlanırdı.
Şuşanın bulaqları kimi qaynayan səslər sırasında Xalq artistləri Mənsum İbrahimov, Nəzakət
Teymurova, Alim Qasımov, Mələkxanım
Əyyubovanın ifaları
dinləyiciləri öz
təsirinə salıb
ovsunlaya bilmişdi. Bu işdə, sözsüz ki, Xalq artisti
Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupunun
fərqli emosiyada müşayiətinin öz
payı var idi.
Zövqlə tərtib olunmuş
konsert proqramında Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Anar Şuşalı, Babək Niftəliyev, tanınmış xanəndələr
Kamilə Nəbiyeva, Səbinə Ərəbli,
Mirələm Mirələmov,
Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədovun
çıxışları da xoş ovqat
yaratdı.
Əməkdar artist Nailə Məmmədzadənin
rəhbərliyi ilə
“Azərbaycan mirvarisi”
və Bakı Xoreoqrafiya Akademiyasının
rəqs ansambllarının
ritmik, zərif və rəngarəng rəqs çələngi
ümumi ovqatın təsir gücünü daha da artırmış
oldu.
Onu da qeyd edək ki, ifaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edirdi.
Xatirə
gecəsində Xan Şuşinskinin repertuarından
“Mahur-hindi”, “Bayatı-Qacar”,
“Qatar” muğamları, “Qarabağ
şikəstəsi”, “Arazbarı”,
“Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər ifa olundu. Həmçinin, Xan Şuşinskinin bəstələdiyi “Qəmərim”,
“Şuşanın dağları”,
“Ay gözəl”, “Məndən
gen gəzmə”, “Al yanağında”,
“Dağlarda çiçək”,
“Gözəl yarım”,
“Dilbərim”, “Ay qəşəng
Ceyran”, “Ay qara qız”, “Qızılgül”
kimi dillər əzbəri olan mahnıları da ifa olundu.
Həmidə
Mədəniyyət.- 2022.- 11 mart.-
S.1;3.