Regional idarələrin təşəbbüsü ilə film nümayişləri

 

Sumqayıt RMİ Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsində şanlı Zəfərimizə həsr olunanBiz” tarixi-sənədli filminin təqdimatı keçirilib. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən istehsal olunub.

Mərasimdə Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, Bakı Media Mərkəzinin icraçı direktoru, filmin ideya müəllifi və rejissoru Orman Əliyev, yazıçı-ssenarist Hafiz Ataxanlı çıxış ediblər. Bildirilib ki, ekran əsərində 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanın rəhbərliyi altında qəhrəmancasına döyüşən Azərbaycan əsgərinin, eləcə də arxa cəbhədə vətənpərvər insanların bu tarixi Qələbənin əldə olunmasında rolu əks etdirilib.

 

***

 

Xaçmaz şəhərində isə II Dünya müharibəsi zamanı Fransa antifaşist Müqavimət hərəkatının nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova (1920-1994) həsr olunmuş “O, Xarqo idi” sənədli filmi nümayiş etdirilib. Təqdimatda Xaçmaz RMİ-nin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının 2021-ci ildə istehsal etdiyi sənədli filmin ideya müəllifi Şahin Sinaria, ssenaristirejissoru Tahir Tahiroviç, operatorları Rafiq Əliyev və Patrik Lyodovik, prodüseri Nazim Hüseynovdur. Əhmədiyyə Cəbrayılov obrazını aktyor İqbal Əliyev canlandırıb.

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.4.