Teatr Xadimləri İttifaqında Milli Teatr Günü

 

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək Milli Teatr Gününün əhəmiyyətindən söz açıb, bununla əlaqədar hər il ölkəmizdə müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edib. Bildirib ki, peşəkar Azərbaycan teatrının 149 yaşı tamam olsa da, ölkəmizdə teatr sənətinin kökləri çox qədimdir. Vurğulanıb ki, zəngin tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqlar, aktyorrejissorlar böyük rol oynayıblar.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova Azərbaycan teatrının uğurlarından, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğunlaşdırılmasından söz açıb.

Sonra Azərbaycan teatrının inkişafında xidmətləri olan bir qrup sənət adamına Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim edilib.

Qeyd edək ki, əlamətdar sənət bayramı ərəfəsində, 6-9 mart tarixində Azərbaycan Teatr Xadimləri İttifaqında gənc rejissorların yaradıcılığına həsr olunmuş “Baxış-2” festivalı da keçirilib.

Festivalda ATXİ-nin nəzdində fəaliyyət göstərən “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın beş tamaşası təqdim olunub. Yaradıcılıq laboratoriyasının bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

“Baxış-2” festivalının tamaşaları ATXİ-nin Mustafa Mərdanov adına səhnəsində nümayiş etdirilib. Festivala Milli Teatr Günündə yekun vurulub.

 

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.2.