Təsviri sənət ustalarının
yaradıcılığı daim diqqət
mərkəzində olacaq
Mədəniyyət naziri
fırça ustaları ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov martın 9-da Azərbaycan Rəssamlar İttifaqında (ARİ) milli təsviri sənətin inkişafına töhfə verən sənətkarlarla görüşüb.
Nazir 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini və ərazi bütövlüyümüzün bərpasından ötən müddətdə Azərbaycanın mədəniyyət və sənət beşiyi sayılan Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.
Anar Kərimov Prezident İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladığını və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər planının hazırlanaraq təsdiq olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, sənəddə əksini tapan əksər tədbirlərin icrası Mədəniyyət Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında təsviri sənət sahəsində də bir sıra layihələr yer alıb. Nazir deyib ki, Tədbirlər planına uyğun olaraq Azərbaycan rəssamlarının Şuşa şəhərinə səfəri təşkil ediləcək və onların yaratdığı əsərlər Şuşa və Bakıda sərgilənəcək. Eyni zamanda ən yaxşı əsərlərin müəllifləri mükafatlandırılacaq. Əlamətdar il münasibətilə nazirlik tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltəraşlıq müsabiqəsi də təşkil ediləcək.
“Şuşa İli” ilə bağlı bir sıra beynəlxalq layihələrin də həyata keçiriləcəyini deyən Anar Kərimov həmçinin bildirib ki, bundan sonra da Mədəniyyət Nazirliyi tərəfindən rəssamların işlərinin alınması, respublika daxilində və xaricdə onların fərdi sərgilərinin təşkil edilməsinə dəstək göstəriləcək.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək görüşün rəssamların fəaliyyətini çətinləşdirən məsələlərin həlli üçün imkan yaradacağını və faydalı olacağını bildirib.
Rəssamlar İttifaqının üzvləri – Xalq rəssamları Arif Hüseynov, Aydın Rəcəbov, Xanlar Əhmədov və sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxışlarında rəssamların yaradıcılıq fəaliyyətinin daha da yaxşılaşdırılması üçün təkliflərini səsləndiriblər.
Sonda nazir Anar Kərimov “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanını Xalq rəssamı Fərhad Xəlilova təqdim edib.
Mədəniyyət.- 2022.- 11 mart.- S.1;5.