“Mən bir yaz gülüyəm”

 

 

Nuriyyə Hüseynovanın yeni albomunun təqdimatı

 

 

 

Əməkdar artist, xanəndə Nuriyyə Hüseynovanın “Mən bir yaz gülüyəm” adlı musiqi albomu və sənətçi haqqında kitab işıq üzü görüb. Martın 4-də Beynəlxalq Muğam Mərkəzində musiqi albomunun və ifaçıya həsr olunan kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə həmçinin xanəndə tərəfindən yaradılan “Dünya Musiqisinin İncisiMuğamİctimai Birliyinin təqdimatı oldu.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək Nuriyyə Hüseynovanın yaradıcılığından söz açdı. O, uzun illərdir xanəndənin yaradıcılığına bələd olduğunu dedi: “Türkiyə, Macarıstan və başqa ölkələrdə, müxtəlif festivallarda iştirakımız olub. Ölkə daxilində keçirilmiş çoxsaylı dövlət və ictimai tədbirlərdə olduğu kimi, xaricdə də ifa etdiyi mahnılar coşqu ilə qarşılanıb”.

Millət vəkili yeni musiqi albomu, haqqında yazılan kitab və yaratdığı qurum münasibətilə sənətçini təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.

Nuriyyə Hüseynovaya həsr edilən “Ləyaqət simvolu” adlı kitabın müəllifi Vahid Aslan vurğuladı ki, zamanın önündə addımlamağı özünə həyat amalı seçən xanəndə həm musiqi savadı, həm də mənəvi zənginliyi ilə mühitimizdə hörmət qazanıb. O, muğamlarımızı özünəməxsus şəkildə ifa etməklə bərabər həm də daima yeniliklər axtarışındadır.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva və digər çıxışçılar üç əlamətdar hadisə münasibətilə musiqiçiyə xoş diləklərini çatdırdılar.

Çıxışlardan sonra Nuriyyə Hüseynovanın tələbələrinin ifasında konsert proqramı təqdim olundu. Sonda qonalara yeni işıq üzü görən kitab və “Mən bir yaz gülüyəm” adlı musiqi albomu hədiyyə edildi.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 11 mart.- S.5.