“Mədəni irsin rəqəmsal
dövrdə qorunması”
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Antalya Diplomatiya Forumunda
çıxış edib
11-13 mart tarixində Türkiyənin
Antalya şəhərində Diplomatiya Forumu keçirilib. İkinci dəfə təşkil
edilən Antalya Diplomatiya
Forumu (ADF) çərçivəsində
müxtəlif mövzularda
panel toplantıları da
gerçəkləşib. ADF-də iştirak
edən Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Mədəni irsin rəqəmsal dövrdə
qorunması” adlı panelə qatılıb.
Günay Əfəndiyeva çıxışında
ADF-nin təşkilatçılarına
təşəkkür edərək,
bildirib ki, dünyanın bir çox yerlərində ciddi hadisələrin baş verdiyi bir vaxtda belə
bir platforma diplomatik münasibətlərin
inkişafı və üzləşdiyimiz kirtik
məsələlərin həlli
üçün vasitə
kimi görünür. Qeyd edib
ki, dünyada dinc yanaşı yaşama, əməkdaşlığın
və davamlı inkişafın şərti
kimi qarşılıqlı
tolerantlıq haqqında
biliklərin təkmilləşdirilməsi
çox vacibdir.
Bu çağırış,
özünəməxsus adət-ənənələr
sisteminə malik hər bir mədəniyyətin
böhrana məruz qaldığı və dəyərlərin transformasiya
olunduğu günümüzdə
xüsusilə aktuallaşır.
Bütün xalqlar dünyamızın
kövrəkliyini dərk
edir və mədəniyyətini, tarixini
gələcək nəsillər
üçün qoruyub
saxlamağa çalışırlar.
Bu istiqamətdə rəqəmsal texnologiyaların önəminə toxunan Günay Əfəndiyeva qeyd edib ki, yeni texnologiyaların bizə gətirdiyi bu qabiliyyət mədəniyyətlərimizin sürətlə sərhədləri aşmağına şərait yaradır. İstənilən musiqi, kino, teatr və ya digər media bir neçə saniyə ərzində bütün dünyada paylaşılır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv ölkələrdə də qeyri-maddi mədəni irsin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət göstərilir.
Mədəni irsin qorunmasında, eləcə də bu sahədə rəqəmsal texnologiyaların tətbiqində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri örnək olaraq qeyd edən Günay Əfəndiyeva bildirib ki, hazırda bu bu istiqamətdə başlıca fəaliyyət Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda otuz ilə yaxın işğal müddətində dağıdılmış və mənimsənilmiş mədəni irsin bərpası ilə bağlıdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, texnoloji irəliləyişlərin təşkilatın işindəki əhəmiyyətini, o cümlədən Türk dünyasının böyük şəxsiyyətlərinin irsinin dünyada yayılmasına imkan verdiyini vurğulayıb. Bildirib ki, xüsusilə COVİD-19 pandemiyası bu yeniliklərin önəmini təsdiqlədi. Bəlkə də bu dövrdə rəqəmsallaşma bizi xüsusi təcriddən xilas etdi, çünki təhsil, sosiallaşma, iş və ümumiyyətlə, həyat onlayn rejimə keçirildi. Fondun prezidenti bu xüsusda həyata keçirdikləri layihələr, o cümlədən məktəblilər üçün “Türk dünyası muzeyləri həftəsi”, “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” mövzularında uşaq və tələbələr arasında onlayn rəsm və esse müsabiqələri, Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı onlayn konfranslar, şairin “Yeddi gözəl” poemasının elektron versiyada təqdimatı və s. barədə məlumat verib.
Günay Əfəndiyeva çıxışında beynəlxalq təşkilatların nümayəndələri olaraq mədəni irsi qorumaq, öyrənmək, təbliğ etmək və gələcək nəsillərə ötürməklə müxtəlif mədəniyyətlər arasında əlaqələrin yaradılmasının, ortaq nöqtələrin tapılmasının önəmindən də bəhs edib.
Paneldə həmçinin Namibiya beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin müavini Jenelly Matundu, Bolqarıstanın keçmiş baş naziri Simeon Sakskoburggotski, Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömər Kocaman, Dünya Aramea Şurasının prezidenti Coni Messo çıxış ediblər.
Mədəniyyət.- 2022.- 16 mart.- S.3.