“O olmasın, bu olsun”: növbəti tamaşa Lütviyyə Səfərovaya ithaf olunub

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası növbəti dəfə nümayiş olunub.

Səhnə əsərinin budəfəki təqdimatı uzun illər Akademik Musiqili Teatrda çalışmış aktrisa Lütviyyə Səfərovanın 80 illik yubileyinə həsr edilib.

Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Nadir Xasiyev, aktyorlar Elxan İsmayılov, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gültac Əlili, Şaban Cəfərov, Fərid Rzayev, Elməddin Dadaşov, Təranə Əliyeva və başqaları ifa ediblər.

 

Xatırladaq ki, Lütviyyə Səfərova müxtəlif illərdə “O olmasın, bu olsunmusiqili komediyasında Gülnaz və Sənəm obrazlarını canlandırıb.

Lütviyyə Şamil qızı Səfərova 1942-ci il martın 11-də Bakıda anadan olub. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin Vokal şöbəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında (Akademik Musiqili Teatr) fəaliyyətə başlayıb. Gözün aydın”da Leyla, “Özümüz bilərik”də Lalə, “Sevindik qız axtarır”da Nazik, “Ev bizim, sirr bizim”də Çiçək, “Arşın mal alanda Asya, “Bankir adaxlı”da Ceyran, “Nəğməli könül”də Qəmər xanım və digər tamaşalarda rəngarəng obrazlar qalereyası yaradıb.

 

O, 1989-cu ildən 1996-cı ilədək Bakı Bələdiyyə, “Tənqid-Təbliğ” teatrlarında çalışıb, sonra yenidən əvvəlki yerinə qayıdıb, yeni rolları ilə tamaşaçıların rəğbətini qazanıb. Bir sıra televiziya tamaşalarında və filmlərdə rol alan aktrisa 2010-cu il martın 1-də vəfat edib.

 

Mədəniyyət.- 2022.- 16 mart.- S.5.