“Ürəklərdə yaşayan sənətkar”

 

Ordubadinin 150 illiyinə həsr olunan tədbir

 

 

Bu il XX əsr Azərbaycan nəsrində özünəməxsus yeri olan, milli tarixi roman janrının banisi sayılan şair, yazıçı-dramaturq, tərcüməçi, ssenarist, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin (1872-1950) 150 illik yubileyi qeyd edilir.

Martın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Məmməd Səid Ordubadinin yubileyinə həsr edilən “Ürəklərdə yaşayan sənətkar” adlı tədbir keçirildi. Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, AYB və M.S.Ordubadinin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Ev-muzeyin direktoru Lalə Abaszadə tədbiri açaraq Ordubadinin 150 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini qeyd etdi. Yazıçının ədəbi irsindən söz açan direktor diqqətə çatdırdı ki, M.S.Ordubadi çox erkən çağlardan yaradıcılığa maraq göstərib. O, yaradıcılığı dövründə Azərbaycan və Şərq tarixini dərindən araşdırıb, bədii şəkildə oxuculara təqdim edib.

Muzeyin elmi işçisi İradə Vəliyeva çıxış edərək yazıçının həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Ordubadinin müəllimləri Mirzə Baxış Nadim və Məhəmməd Tağı Sidqi onda şeirə, yaradıcılığa olan həvəsi daha da artırıb. Bu barədə o öz xatirələrində yazır: “Mən şeir deməyə və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi...”.

Xalq yazıçısı Çingiz Abdullayev qeyd etdi ki, Ordubadi Azərbaycan ədəbiyyatına tarixi romanın ustadı kimi daxil olub. O, çoxşaxəli yaradıcılığı ilə ədəbiyyat tariximizdə dərin iz qoyub. Müəllif vətənpərvərlik ideyalarını, milli düşüncələrini nəsr əsərlərində daha qabarıq verə bilib.

Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli çıxışında diqqətə çatdırdı ki, Ordubadinin “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” və s. əsərləri uzun illər Azərbaycan oxucusunun dönə-dönə mütaliə etdiyi ədəbi nümunələrdir. Həmin əsərlər haqqında onun sağlığında, vəfatından sonra məqalə və elmi tədqiqat əsərləri yazılıb. Ədibin əsərlərinin əksəriyyəti bu gün də aktuallığını qoruyub saxlayır. Bütün bunlar onun bir yazıçı kimi böyük dünyagörüşündən və bənzərsiz istedadından xəbər verir.

Tədbirdə daha sonra filologiya elmləri doktorları Himalay Qasımov, Təyyar Cavadov, dosent Qüdrət Umudov, şair-publisist Zərəngiz Dəmirçi, şair Musa Aslanxanlı və başqaları çıxış edərək ədibin zəngin və çoxşaxəli yaradıcılığından söhbət açdılar. Bildirildi ki, Ordubadi 1905-1920-ci illərdə İranda və Azərbaycanda baş verən bir çox tarixi hadisələrin canlı şahidi və iştirakçısı olub. Bütün bunlar ədibə bu hadisələri illər keçdikdən sonra bədii əsərlərində əks etdirmək imkanı verib. Onun tarixə olan güclü marağı “Gizli Bakı”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər” və digər romanlarında əksini tapıb.

Sonda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, yazıçının bacısı nəvəsi Həqiqət xanım çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə və iştirakçılara ailələri adından təşəkkürünü bildirdi.

 

Savalan

 

Mədəniyyət.- 2022.- 16 mart.- S.6.