Həm də doğulduğu
yurd uğrunda döyüşürdü...
Yaş meyarına görə Vətənin haqq mübarizəsinə çağırılmamışdı. Çünki ana yurdu düşmən tapdağından qurtarmaq üçün minlərlə vətənsevər gənc müsəlləh idi. Ancaq o da bu müqəddəs amal üçün könüllü olaraq cəbhəyə yollanmışdı. Axı onun da doğma ocağı işğal altında idi. Vətən müharibəsində canlarından keçərək qəhrəmanlıq dastanı yazan igidlərimizdən daha biri şəhid əsgər Elmir Süleyman oğlu Əliyevdir.
Elmir 1980-ci il noyabrın 22-də Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub. İlk təhsilini rayonun Pirzatlı kənd tam orta məktəbində alır. 12 yaşı olanda erməni işğalı üzündən dədə-baba yurdundan didərgin düşürlər. O, təhsilini Bərdə rayon Şorəlli kənd tam orta məktəbində davam etdirir. Orta məktəbi bitirdikdən sonra Tovuz rayonundakı N saylı hərbi hissədə xidmət keçir.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində o da könüllü olaraq ön cəbhəyə yollanır. Vətən torpağının azad olunması uğrunda döyüşlərdə igidlik göstərir. Noyabrın 3-də Ağdam rayonu istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur.
Həyat yoldaşı Zümrüd Əliyeva deyir ki, Elmir çox gözəl ailə başçısı idi: “O, çox zəhmətkeş insan idi. Həmişə çalışırdı ki, halal zəhmətlə qazanıb ailəsini saxlasın. Müharibə başlayanda nə qədər deyilsə də ki, sənin yaşın ötüb, kimsəni eşitmədi, könüllü olaraq cəbhəyə yollandı. Döyüşlər zamanı Elmir öz şəxsi avtomobili ilə hərbçi yoldaşlarını cəbhəyə aparıb gətirirdi. Həmin vaxtlarda onun avtomobili düşmənin atdığı top atəşinə məruz qalsa da qorxmur, yenə irəliləyir. Çünki onun qəlbində Vətən sevgisi, torpaq həsrəti vardı”.
Zümrüd xanım bildirir ki, müharibə zamanı Elmirlə, demək olar ki, hər gün əlaqə saxlayıb: “Noyabrın 2-də son danışığımız oldu. Biz ona vəziyyət necədir deyə soruşanda, deyirdi ki, hər şey yaxşıdır, yavaş-yavaş irəliyə doğru gedirik. Sabahısı gün Elmir şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun...”.
2005-ci ildə ailə həyatı quran Elmirin Nurgül və Məhərrəm adlı iki övladı Vətənə əmanət qalıb. Elmir görə bilməsə də, onun və neçə-neçə igid oğullarımızın sayəsində Ağdam rayonu düşməndən azad edildi. Onun da övladları çox yaxın gələcəkdə ata yurdları olan Ağdam torpağında yaşayacaqlar.
Elmir Əliyev noyabrın 3-də Ağdam rayon Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.
Nurəddin
Mədəniyyət.- 2022.- 16 mart.- S.6.