Teatral cəhdlərə ikinci baxış

 

Teatr Xadimləri İttifaqının “Baxış - 2” festivalında yadda qalanlar

 

 

Başlığı təsadüfən seçmədim. Çünki bütün cəhdlər uğurlu olacaqo, mütləq nə isə bir axının davamıdır düşüncəsinə varmaq da özünü aldatmaq olardı. “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır” düşüncəsində olmaq ən münasib yoldur...

Xəbər verdiyimiz kimi, Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) martın 6-dan 9-dək “Baxış - 2” adlı festival keçirdi. ATXİ-nin yaranmasının 125-ci ildönümünə həsr olunan bu festivalı ittifaqın nəzdində fəaliyyət göstərən rejissor laboratoriyası təşkil etmişdi. Bir növ ilk festivaldan (“Baxış -1” festivalı 2019-cu ilin oktyabrında keçirilib) bu yana hansı yeni teatr, yaradıcılıq aktları icra etdikləri dəfiləyə çıxarılmışdı. “Dəfilə” sözümü qəribliyə salmayın. Çünki biz bu festival müddətində teatrda dəbə çevrilən yeni formaları, cərəyan və meyilləri də görməyə çalışdıq...

Əslində, bu məsələ ilə bağlı ürəyim çox dolu, dilimçox sivridir. Sadəcə, əksəriyyəti yeni nəsil olan rejissor, daha doğrusu, rejissorluğa iddialı yaradıcı insanların kefinə soğan doğramaq istəmirəm. Ələlxüsus da bəzi səsi Mərdanov səhnəsinin 40-45 nəfərlik auditoriyasında divarlara “yaxılıb” öz qulaqlarına belə dəyməyən, nidası, ifadə forması, dramaturji materiala, teatr aktına münasibəti az qala yerlərdə sürünən aktyorların könlünü qırmaqdan çox uzağam. Bu, öz yerində. Amma həm də bütün müqəddəslərə and olsun ki, bir-iki cəhdi çıxmaq şərti ilə nə göstərilənlər teatrın adı həndəvərində dolaşdılar, nə də görənlər onlardan bir şey anladılar. Əzizlər, qətiyyən anladılar sözümdən “anlamırlar, özləri bilərlər” kimi ritorik cavab çıxarmayın. Çünki göstərdiyiniz əksər zadları heç özünüz də anlamış deyildiniz...

Nə isə keçək xoş niyyət, yaradıcılıq üçün meydan olan festivala.

İttifaqın Mustafa Mərdanov səhnəsinin yarıqaranlıq zalını gözlərindəki ümid qarışıq sevgi ilə işıqlandırmağa çalışan tamaşaçılar ilk nümunəyə maraqla diqqət kəsildilər. İnsafən, açılış üçün seçim uğurlu idi. Qarşıdakı günlərə “hələ bu harasıdır” vədini verirdi. Mövzu teatr, daha doğrusu, yaşa dolmuş aktyor haqqında kədərli monoloq da sayıla bilərdi. Fin dramaturqu Bengt Alforsun “İllüziyaçılar” əsəri əsasında hazırlanan eyniadlı tamaşa, cəsarətlə deyə bilərəm ki, festivalda izlədiyim ən yaxşı nümunə idi. Gənc aktrisa Zümrüd Quliyevanın tərcümə etdiyi pyesə quruluşu Müşfiq Əliyev vermişdi. Fərqli ruh hallarının sistemli şəkildə əvəzləndiyi tamaşanın musiqi tərtibatçısı Zaur Rəşidov idi.

Usta aktyor Kərəm Hadızadənin insan və ifaçı kimi təbiətinə xas çalarları qəhrəmanının obrazına qatması və əslində, özünü ifası möhtəşəm idi. O özünü səhnədə tapmadan qocalan aktyorları, onların arzularını, nisgil və kin-küdurətlərini, tamaşaçının görmək istədiyi, daha doğrusu, aktyorun göstərmək istəmədiyi yönləri də ustalıqla nümayiş etdirdi. Əməkdar artist Elnur Hüseynovaktrisa Zümrüd Quliyeva da teatr haqqında səhnə oyununa nə isə qatmağa çalışdılar. Mənə elə gəldi ki, bu tamaşa təkcə səhnədə yox, elə zalda da “oynanılır”. Əsasən teatr sənətçilərindən ibarət tamaşaçılar səhnədəkilərə qoşulub gah gülür, gah ağlayır, gah da təsdiq üçün aldadıcı qəhqəhələr saçırdılar.

Günün ikinci nümayişi də iddialı idi. F.Dostoyevskinin “Cinayət və cəza” romanı əsasında hazırlanan “RaskolnikOFF” tamaşası təqdim olundu. Quruluş və tərtibat müəllifi Ayla Osmanova olan səhnə işinin musiqi tərtibatçısı Ağa Səlim Feyzullayev idi. Nurlan Süleymanlı və Xəyalə Meydanova dueti özlüyündə ağır, bir az da qlobal və nəhayətsiz mövzuya özünəməxsus təsvir bucağından baxış kimi uğurlu sayıla bilər. Rejissor əsərin qayəsindəki bəzi ünvansız ittiham və bəraətləri öz tərəzisində tarazlamağa çalışmışdı.

Keçək Əziz Nesinə müraciət edib, “Bir qadının duetini səhnəyə daşıyanlara. Tamaşanın rejissoru ömrünü teatraittifaqa bağlayan Məhəmməd Verdiyev idi. Duetdəkilər isə Rada Nəsibova və Günel Həmidova.

Bir il öncə heykəltəraş ərini itirən və hər gecə onun gəldiyini zənn edib həyatını zindana çevirən qadının əzabları ilə başlayır tamaşa. Sonra başqa bir qadın peyda olur. O da əzab içində qıvrılır. Çünki hər ikisi artıq çoxdan ölmüş heykəltəraşın yarımçıq qalmış əsəridirlər. Hər ikisi əziyyət çəkir. Səbəbləri başqadır. Amma səbəbkarı, günahkarı artıq hər iki qadının lənətlədiyi ölmüş kişidir. Qadınlarını xoşbəxt edə bilməyən və özünün natamamlığında iki gözəl və eşq dolu qadını boğan eqoist kişi. Düzdür, artıq o yoxdur, ölümü ilə onları da, özünüxilas edə bilib. Amma nə yazıq ki, itaət, bağlılıq və ünvansız sevgi kabusunu qadınların həyatından çıxara bilməyib.

İki qadının təbii, inandırıcı cəhdini yaxşı saymaq olardı. Əgər rejissor özünə bir az da əziyyət verib dramaturji materiala əl gəzdirsə, onu mətn yükündən azad etsəydi.

Ümumən istər bir, istərsə də çoxpərdəli pyeslərdə, roman və povestlərdən səhnələşdirmələrdə, yaxud da sadəcə, istənilən səhnə aktı üçün ədəbi əsaslarda bu qədər uzunçubu qədər yorucu olmaq nəyə xidmət edir?! Əfəndilər, jest, mimika, plastika və sadəcə, hərəkət var ikən, istənilən sözü onların səssiz dili ilə daha asan və təsirli ifadə mümkün olduğu təqdirdə, aktyoru nəfəsi kəsilib, dili topuq vuranadək mətnlə yükləmək hansı cəza metoduna daxildir?! Rada Nəsibova ilə tərəf-müqabilinin səhnə dueti üzərində müəyyən əl gəzdirmək, xüsusən hərəkətdə sinxronluğu nəzarətdə saxlamaqla auditoriya önünə çıxa biləcək nümunə hasil etmək olar...

Bu sözləri Səbinə Məmmədovanın rejissoru və səhnə tərtibatçısı olduğu akta da aid edə bilərəmmi, deyə düşünürəm. Hə, əslində, aktrisa kimi sevdiklərimdən və təsirli oyun gücünü çoxdan qəbul etdiklərimdəndir.

Ammalakin durub Corc Bayronun məşhur və bir o qədər də teatr estetikası baxımından təhlükəli “Qabil”inə yozum vermək də hər kəsin işi deyil axı. Aktrisanın dediyim pyes əsasında hazırladığı “Xülya”nı, sadəcə, cəsarətinə görə alqışlamaq olar. Hərçənd bu əbədi mövzuya günümüzün soyuqisti müharibələrini, uzaq və yaxın mübadilələrini qoşmağından uğurlu ifaçı (Beyrək Rüstəmzadə, Elçin Əmirov) və final təyininə qədər hamısını yığcamlaşdırmağını, ən əsası da qır qazanından çıxmaq üçün quyuya ip sallamağını bəyəndim.

Gələk 8 Mart bayramımızı birlikdə keçirdiyimizİnsan səsi”nə. Jan Koktonun qadın əzablarından bəhs edən və ruhən kimsəni laqeyd qalmağa qoymayan bu əsərin rejissor və səhnə tərtibatçısı yükünün altına Elgün Yəhyayev girmişdi.

Könül Əbilin ifasında ədibin kişi kimi seyrçi qalmadığı qadın ağrılarını, yox olmaq ilə yaşamaq arasındakı qırmızı xətdən keçidini nə tamaşaçı, nə də qadın olaraq hiss etmək imkanımız olmadı. Daha doğrusu, ədəbi materialın tərcüməçisi ilə (kimliyini bilməsək yaxşıdır) onu səhnəyə çıxaran “köməkləşib” bizi bu imkandan məhrum elədilər. Ona görə ki, mətn ifrat yüklü və bədii dil baxımdan bərbad idi. Hətta bəzi hüznlü replikalar, dramatik, daha doğrusu, tragik situasiyaların sözlü təsviri əksinə, gülüş yaradırdı. Beləcə, aktrisanın təkbaşına qadın və həssas ifaçı olaraq çırpınışları səhnəyə düzülmüş oturacaqlar (rekvizit) kimi bir-bir aşırılırdı...

Bu və ümumən festival boyu baxdığım əksər tamaşalarda bir məqam xüsusilə diqqətimi cəlb etdi: yeni nəsil aktyorlar oturuşmuş formadan bacardıqca uzağa qaçırlar. Bu, pisdirmi? Yox, qətiyyən. Çünki teatr, səhnə canlı orqanizmdiro, daim yenilənməni, özünü təkrardan qaçmaqla qınından çıxmağı sevir. Amma bu o demək deyil ki, hər yenilik sənətə nələrsə qazandıracaq. Əgər sən tamaşaçıya “bubu günədək gördüklərinin hamısı cəfəngiyatdır və mən sənə daha yaxşısını təklif edirəm” deyirsənsə, birinci o təklifinin tələbini təyin etməlisən. Ən əvvəl də təqdim etdiyinin ilk istifadəçisi, iqtisadi terminlə desək, istehlakçısı özün olmalısan. Yoxsa, sənin məni yenilikmüasirlik adı ilə aldatmağın ən çox sənin zərərinədir...

Martın 9-da teatrsevərlər yenə gəncliyin azadə cəhdlərindən “Lənətlənmiş svastika” ilə tanış oldular. Müəllif və rejissor kimi Zəhra Quliyeva Adolf Hitler ilə gah Xeyir, gah da Şər olan kəsi üz-üzə qoymuşdu. Tamaşa şamanizm çalarlı musiqi və xronologiyanı göstərmək üçün videomateriallarla gücləndirilmişdi.

Beyrək Rüstəmzadə və Vasif Vaqif ittifaqın böyük səhnəsindən insanlığa aramsız çağırışlar edir və mütləq şəkildə bütün yaradılmışı insan kimi yaşamağa səsləyirdilər. Müqəddəs kitablardan kəlamlarla başlayan və bitən tamaşanın məramı bəşəriyyəti xilasa ayinhesab oluna bilər.

İmran Qurbanovun rejissor işi olan “Qış gecəsi” (Akyuz Salih) proqramdakı son tamaşa idi. Nümunənin səhnə tərtibatçısı Reyhan Aslanova, ifaçıları isə Əməkdar artist Anar Heybətov və İlahə Həsənova idi.

Festival martın 10-da baş tutan yekun və mükafatlandırma mərasimi ilə başa çatdı. Rəsmi çıxışlar, təqdimat və təbriklərin ardınca səhnə yenə gənclərin oldu. Belə ki, bayram təbriki olaraq A.Çexovun “Təklif” vodevili əsasında “Bizim təklif” tamaşası oynanıldı.

Beləcə, bir yaradıcı təşəbbüs, teatrın ən azı proses olaraq davamına hesablanmış marafon da sona yetdi. Əlahəzrət teatr və tamaşaçı növbəti yaradıcı təşəbbüsədək pərdələrini “endirdi”...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 16 mart.- S.5.