“Şuşa İli” çərçivəsində tədbirlər
Masallı Regional Mədəniyyət İdarəsi (RMİ) Yardımlı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Əziz torpaq – Şuşa” adlı tədbir keçirilib. Tədbirdə “Şuşa” sənədli filmi nümayiş etdirilib, iştirakçıları “Şuşa – 270” başlıqlı sərgi ilə tanış olublar.
Ağcabədi RMİ Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət bir qrup Bülbülün Bakıdakı memorial muzeyində konsert proqramı ilə çıxış edib.
Şəki RMİ-nin əhatə etdiyi Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzində rayon Uşaq incəsənət məktəbinin iştirakı ilə “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib. Məktəbin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim edilib.
Gəncə RMİ-nin əhatə etdiyi Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin kollektivi Gəncə şəhərində müvəqqəti yerləşən Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Sarayında konsert proqramı təqdim edib.
Sumqayıt RMİ Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasında “Şuşanın dağları başı vüqarlı” adlı ədəbi-bədii gecə keçirilib. Şagirdlərin ifasında Qarabağa, Şuşaya həsr olunan şeir və mahnılar dinlənilib. Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət evində isə “Tək inci” adlı ədəbi-bədii gecə təşkil olunub.
Şəmkir RMİ Şəmkir şəhər
Heydər Əliyev Mərkəzində “Şuşa”
musiqi festivalının II turu
keçirilib. Bu mərhələdə
regional idarənin əhatə etdiyi 8 uşaq musiqi, incəsənət və aşıq məktəbindən
doqquz ixtisas üzrə
32 şagird çıxış edib.
Mədəniyyət.- 2022.- 16 mart.- S.4.