Mozaik pannoların estetikası
Mozaikanın insan həyatına daxil olmasının tarixi kifayət qədər qədim olsa da, Azərbaycanda ondan ilkin istifadəyə XVIII əsrdə rast gəlinir. Onun saraylarla yanaşı müxtəlif funksiyalı tikililərdə bəzək elementi kimi tətbiqi ilk növbədə rəngli daşların (smaltaların) memarlıqla sintezinin estetikasından qaynaqlanırdı. Ölkənin sovetləşməsindən sonra isə mozaikadan istifadə dairəsi kifayət qədər genişləndi. Bu, həm o dövrdə inşaat işinin genişlənməsi, həm də bu sahədə yeni nümunələr ərsəyə gətirə biləcək yaradıcı qüvvələrin mövcudluğu ilə bağlı olmuşdur.
İkinci Dünya savaşından sonra yaradılan ilk uğurlu mozaik pannolar sırasında incəsənətimizdə Nizami obrazının yaradıcısı kimi qalacaq Qəzənfər Xalıqovun Bakının Zuğulba qəsəbəsindəki “Buzovnaneft” mədəniyyət sarayının foyesində ərsəyə gətirdiyi “Xəmsə” (1965) süjetli kompozisiyasını qeyd etmək olar. Q.Xalıqovun “Xəmsə”ni təşkil edən poemaların hərəsindən bir süjet (“Şirinin dağ çapan Fərhadın yanına gəlməsi”, “Sultan Səncər və qarı”, “Məcnun səhrada heyvanlar arasında”, “Bəhram Gur və Fitnə” və “İskəndər və çoban”) seçməklə və onların divarboyu düzülüşünün ritmli ahəngdarlığına və mozaik pannonun bütövlüyünə nail olduğunu söyləmək olar.
Altmışıncı illərdə Oqtay Şıxəliyev və Arif Ağamalovun Gəncə şəhər internat məktəbində birgə işlədikləri “Sülh, əmək, azadlıq, bərabərlik, qardaşlıq və səadət” (1961) mövzulu monumental əsəri çox yüksək dəyərləndirirlər. Bunu şərtləndirən səbəblərdən biri gənc müəlliflərin binanın fasadını bəzəyən bu tərtibatı o vaxtlar üçün yeni olan – sqraffito texnikası ilə mozaikanın sintezində icra etmələri idi.
Bu uğurundan sonra Oqtay Şıxəliyevə təklif olunan yeni sifarişi o, 1962-ci ildə həmkarı Mirzağa Qafarovla birlikdə Bakının S.Orconikidze adına (indiki Suraxanı) rayonundakı Mədəniyyət sarayında həyata keçirmişdir. Burada da sqraffito-mozaika texnikasına müraciət edən rəssam, mədəniyyət obyektinin interyerində idman və sülh mövzusunda (“Futbolçu”, “Qaçış”, “Bədii gimnastika”, “Təmiz səma”) monumental əsər yaratmağa nail olmuşdur.
1963-cü ildə isə Oqtay Şıxəliyev həmkarı Hacıbala Rəcəbovla birlikdə paytaxtdakı “Uşaq aləmi” adlanan universal mağazanın bədii tərtibatını (1963) vermişdir. Bu dəfə də ortaq bədii həlli, yəni, sqraffito-mozaika texnikasını tikilinin interyerində – davamlı alıcı-tamaşaçı kütləsi ilə zəngin olan salonunda tətbiq edən müəlliflər “Qoy həmişə günəş olsun!” mövzusunun bədii şərhi ilə məkanın xoş aura yaratmasına çalışmışlar.
Həmin il O.Şıxəliyev təklikdə uşaqlarla bağlı olan daha bir mağazanın bədii tərtibatını həyata keçirmişdir. Onun Bakıdakı “Uşaq yeməkləri” mağazasının interyerində icra etdiyi monumental tərtibat sqraffito texnikasında həll olunmuşdur.
Rəssamın bu bacarığı “Uşaq aləmi” mağazasından sonra, onun digər oxşar obyektlərin tərtibatına dəvət olunmasını şərtləndirmişdir. O, sənət dostu Hacıbala Rəcəbovla birlikdə “Ana və uşaq”, “Bahar” və “Ceyran” kafelərinin (hamısı 1964-cü il) bədii tərtibatını həyata keçirmişdir. Bu monumental tərtibatlar da sqraffito-mozaika texnikasında yerinə yetirilmişdir.
O.Şıxəliyev və H.Rəcəbov 1966-cı ildə Bakı Dövlət Sirkinin foyesində mozaika-sqraffito texnikasında süjetli kompozisiya işləmişlər. Həmin obyektdə eyni vaxtda Rəhim Məmmədov və Tofiq Ağababayev də çalışmışdır. Onların eyni texnikada ərsəyə gətirdikləri “Azərbaycan sirki” adlı monumental kompozisiya foyedə yerləşdirilmişdir. Qaçan at üzərindəki qızın, “zorxana” pəhləvanlarının və döyüşən qoçların, eləcə də sirk artistlərinin çıxışını rövnəqləndirən musiqiçilərin təsvirlərinin məkana özünəməxsusluq bəxş etməsi danılmazdır.
Oqtay Şıxəliyev Hacıbala Rəcəbovla birlikdə daha bir monumental sənət nümunəsini – “Ulduzlara doğru” kompozisiyasını (1968) 18 saylı məktəbin fasadında işləmişdir. Pannonun kompozisiyasını o vaxtlar sovet incəsənətində geniş yayılmış kosmos mövzusu – gənc qızla oğlanın səmada günəşə doğru uçuşu təşkil edir. Məktəbin fasadının yenilənməsi zamanı bu əsər məhv edilmişdir. Rəssamların digər bir əsərinin taleyi də acınacaqlı olmuşdur. Onların “Qarabağ” mehmanxanasının qarşısındakı hovuzun tərtibatında (1973) işlədikləri orijinal kompozisiya ərazidə abadlıq işləri aparılarkən uçurulmuşdur.
İki sənətkarın monumental duyumunu bütün qabarıqlığı ilə əks etdirən əsərlərdən biri də onların Bakı Məişət Kondisionerləri Zavodunda yerinə yetirdikləri mozaik kompozisiyalar (1975) olmuşdur. Fasadda yer alan möhtəşəm mozaik pannolarda elmlə əməyin vəhdətinə bədii görkəm verən müəlliflər, ilk növbədə, kifayət qədər məsafədən belə seyr olunan mozaik görüntülərin bədii həllinin dekorativliyi sayəsində cəlbediciliyə nail ola bilmişlər.
Onların “Azərbaycan” Nəşriyyatının fasadında icra etdikləri tərtibat da orijinallığı ilə seçilir. Binanın girişini – portalını əhatə edən tərtibatın ümumi kompozisiyasını açılmış kitab şəklində həll edən müəlliflər bununla da məkanın funksiyasına müvafiq bədii həll forması tapmağa nail olmuşlar. Başqa sözlə desək, müasir biçimli qapının üzərindəki mozaik zolağı yan tərəflərdən hündürlüyü yeddi, uzunluğu isə on metrə çatan relyefli mozaik lövhələr – kitab səhifələri əhatələyir. Sol tərəfdə qəzet, sağ tərəfdə isə kitab çapının tarixi süjetli-rəmzi həllini tapmışdır. Sənətlərin sintezi problemini formaların bir-birinə nisbətinin düzgün tapılması ilə həll edən rəssamlar bunu mozaik kompozisiyanın binanın hündürlüyünə nisbəti timsalında uğurla gerçəkləşdirmişlər.
Oqtay Şıxəliyev və Hacıbala Rəcəbov “Azərneft”in Hesablama Mərkəzinin (1978), Dövlət Rayon Elektrik Stansiyasının (1981) mozaik tərtibatında da sənətlərin sintezinə nail olmuşlar. Yeni Bakı Ayaqqabı Fabrikinin fasad tərtibatını (1980) isə onlar Yusif Hüseynovla birlikdə həyata keçirmişlər.
Oqtay Şıxəliyev daha bir önəmli obyektin bədii tərtibatını həyata keçirmişdir. “Göy qurşağı” adlanan bu iri ölçülü – istehsalat prosesini əhatə edən mozaik panno (1987) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fasadını bəzəyir.
1988-ci ildə isə Oqtay Şıxəliyev keçmiş “Ozon” Zavodunun həyətində (indiki İctimai TV) mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş məkanın səhnəsinin mozaik bədii tərtibatını həyata keçirmişdir. “Yallı” adlanan bu kompozisiyanın məna-məzmun tutumu elə əsərin adının daşıdığı süjet, fiqur, atribut və müxtəlif ayrıntılarla zəngindir.
70-80 illərdə monumental sənət – mozaik pannoların yaradılması üzrə davamlı fəaliyyət göstərən rəssamlar kifayət qədər çox olmuşdur. Bu sırada Mirzəağa Qafarov, Arif Ağamalov, Rəhim Məmmədov, Hüseynağa Hüseynov, Rəşid Heydərzadə, Rasim Xələfov, Yaqub Mehdiyev, Şamil Buksayev, Həsənağa Ələsgərov, Sirus Mirzəzadə, Əhməd Əhmədov, Fikrət İbrahimov, Asəf Mehdiyev, Eldar Əhmədov və b. adlarını çəkmək olar. Bu yerdə deyək ki, Bakıda və bölgələrdəki mozaik kompozisiyaların yaradılmasında monumentalçı rəssamlarla yanaşı, çoxsaylı rəngkar, qrafik və heykəltəraş da iştirak etmişlər. Görkəmli fırça ustası Mikayıl Abdullayev, Altay Hacıyev, Cabbar Qasımov, İsmayıl Məmmədov, Hüseyn Haqverdi və digərlərinin bu sahədə fəaliyyətləri də dediklərimizi təsdiqləyir...
Sovet dönəminin yaddaqalan mozaik əsərləri sırasında SSRİ Xalq rəssamı, akademik Mikayıl Abdullayevin Bakı metrosunun “Nizami” stansiyasını bəzəyən əsərləri (1973-1979) özünəməxsus yer tutur. Nizami Gəncəvi “Xəmsə”sinin bədii təcəssümü kimi qəbul olunan və 18 pannodan ibarət olan bu tərtibat sayəsində Bakı metrosunun adının dünyanın ecazkar tərtibatlı metroları sırasında çəkilməsi də burada görülən işin yüksək estetikaya malik olduğunu təsdiqləyir. Salonun divarlarındakı mozaik əsərlərdə “Sirlər xəzinəsi”ndən “Sultan Səncər və qarı”, “Bayquşların söhbəti” və “Kərpickəsənin nağılı”, “Xosrov və Şirin”dən “Fərhad Bisutunda”, “Xosrov və Şirin”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”dan “Məcnun və atası”, “Leyli və Məcnun”, “Leylinin qəbri üstündə”, “Yeddi gözəl”dən “Simnarın faciəsi”, “Bəhram və əjdaha”, “Bəhramın hünəri” və “Fitnə”, “İskəndərnamə”nin isə hər iki hissəsindən – “Şərəfnamə” və “İqbalnamə”dən beş səhnə – “İskəndər və çoban”, “Yeddi alim”, “Nüşabə və İskəndər”, “Daranın ölümü”, “Nəqqaş Mani” kompozisiyaları əks olunub.
Bakı metrosunun 1972-ci ildə istifadəyə verilən “Neftçilər” stansiyası da bədii tərtibatına görə diqqət çəkir. Bu stansiyanın geniş salonunun bədii görkəm almasında Mirzəağa Qafarov və Arif Ağamalovun böyük əməyi vardır. Buradakı altı iriölçülü kompozisiyada neft, elm və incəsənət mövzusu vəhdət şəklində öz həllini tapmışdır.
Metronun digər stansiyalarının mozaik tərtibatında Xəlil Əliyev (“Sahil”, 1993; “N.Nərimanov”, 1994; “28 May”, 1990-cı illər), Rasim Xələfov (“Gənclik”, 1967), Şükür Abbasov (“20 Yanvar, 1990-cı illər) və b. iştirak etmişlər.
Sovet dövrünün uğurlu mozaik pannoları sırasında Abdulla Quliyevin (“Qələbə”, 1967), Arif Əzizin (“Dostluq”, 1967), Tofiq Ağababayevin (“Bahar”, 1970), Sirus Mirzəzadə, Rəşid Heydərzadə, Arif Ələsgərov və Elxan Tahirovun (“Səadət”, 1977), Sirus Mirzəzadə, Rəşid Heydərzadə və Arif Ələsgərovun (“Fəhlə əlləri”,1980), Rəşid Heydərzadənin (“Enerji”,1986), Nüsrət Hacıyevin (“Neftin tarixi”, 1979) Mirzağa Qafarov, Rasim Xələfov və Cabbar Qasımovun (“Sənaye”, 1985) Elmas Hüseynovun (“Xəmsə”, 1980-ci illər) işlərini də qeyd etmək olar.
Əlavə edək ki, Bakı ilə yanaşı, bölgələrimizin bədii-memarlıq həllində də tikililərin estetikasının yeni çalarlarla zənginləşməsində duyulası rolu olan monumental-dekorativ rəngkarlıqdan, o cümlədən də mozaik tərtibatlardan geniş istifadə olunmuşdur. Bu mənada monumentalçı rəssamlardan H.Ələsgərov, F.İbrahimov, Z.Mütəllibov, Y.Mehdiyev, H.Haqverdi, Ə.Əhmədov, A.Məmmədov, F.Abdullayev, V.Əhmədov, Ş.Şərifov, M.İmamverdiyev, S.Qurbanov, E.Əfəndiyev və başqalarının Sumqayıt, Quba, Naxçıvan, Gəncə, Cəlilabad, Yevlax, Qazax, Mingəçevir, Lənkəran, Şamaxı və Astarada yaratdıqları müxtəlif məzmunlu əsərlərinin adını çəkmək olar.
Yeri gəlmişkən, onu da deyək ki, rəssamlarımız sovet dönəmində və müstəqillik illərində dekorativ-tətbiqi sənətin bədii-texniki imkanlarından monumental sənətdə istifadə etməklə maraqlı əsərlər yarada bilmişlər. Bu mənada Altay Hacıyev, Hüseynəli Hüseynov, Arif Ağamalov, Ağasaleh Nuriyev, Mirzağa Qafarov, Sirus Mirzəzadə, Rəşid Bağırov, Zahid Hüseynov, Rahib Həsənov, Aydın Rəhimov, Rafiq İbrahimov, Səlhab Məmmədov, Eldar Əhmədov, Asəf Mehdiyev, Əli İbadullayev, Ənvər Qarayev, Rafiq Kərimov, Nicat Qocamanlı, Tamella Məmmədova, Məzahir Avşar, Adil Şıxəliyev, Ədhəm Yusifov, Eldar Məmmədov, Aydın Rzaquliyev, Tahir və Nəsrulla Sadıxovlar və başqa neçə-neçə sənətkarın keramika, şüşə, vitraj, şəbəkə və s. sənət sahələrinin estetikasını monumentallığa yönəldə bilməsini qeyd etmək istərdik...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi,
professor
Mədəniyyət.- 2022.- 16 mart.- S.7.