Bölgələrin mədəni
inkişafı yerlərdə təşəbbüskarlıqdan
da asılıdır
Nazir Anar Kərimov
cənub zonasının mədəniyyət işçiləri
ilə görüşüb, müəssisələrə
baxış keçirib
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov 10-11 mart tarixlərində Lənkəran və Astara rayonlarında səfərdə olub. Səfər zamanı nazir bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin vəziyyəti ilə tanış olub, mədəniyyət işçiləri ilə görüşlər, həmçinin vətəndaşların qəbulunu keçirib.
Anar Kərimov Lənkərandakı Heydər Əliyev Mərkəzinə, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə, Həzi Aslanovun Ev-Muzeyinə baş çəkib. Dairəvi qala, Böyük bazar məscidi, Kiçik bazar və Hacı Mirzə hamamları, Lənkəran mayakına baxış keçirib.
Nazir Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbi ilə də tanış olub. Məlumat verilib ki, təhsil ocağı 1957-ci ildən fəaliyyət göstərir. Məktəbdə müxtəlif ixtisaslar üzrə tədrislə yanaşı, xalq çalğı alətləri ansamblı, “Buta” folklor ansamblı, xor fəaliyyət göstərir. “Buta” ansamblının ifasında “Qədim düyü bayramı” kompozisiyası və xor kollektivinin çıxışı təqdim olunub.
Mədəniyyət naziri Lənkəran şəhər Mərkəzi Kitabxanası və Həqiqət Rzayeva adına 2 nömrəli Uşaq musiqi məktəbində olub, təhsil ocağının foyesində müəllim Mirəhməd Kərimovun rəhbərlik etdiyi xor kollektivinin ifasını dinləyib.
Anar Kərimov Milli Teatr Günündə N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına da baş çəkib, teatrda yeni səhnəyə qoyulmuş “Haqqın 44 günü” tamaşasından bir parçaya baxıb.
Həmçinin Lənkəran şəhər Mədəniyyət Mərkəzinə, burada sənətkarların əl işlərinə baxış keçirilib.
Mədəniyyət Mərkəzində nazir Anar Kərimovun yerli mədəniyyət işçiləri ilə görüşü olub.
Nazir diqqətə çatdırıb ki, səfərin əsas məqsədi regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaqla yanaşı, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri, aparılan islahatların mahiyyəti barədə məlumatlandırmaqdır.
Görüşdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, bununla bağlı təkliflər dinlənilib. Mədəniyyət sahəsində çalışanların peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığının artırılmasının vacibliyi xüsusi vurğulanıb. Nazir problemlərin aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib.
Görüşdən sonra Mədəniyyət Mərkəzinin konsert proqramı təqdim olunub. Mərkəzin “Babalar” xor və rəqs qrupu, “Ay lolo” folklor qrupu çıxış edib. C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ifasında “Azərbaycan” musiqili kompozisiyası da maraqla qarşılanıb.
Martın 11-də səfər proqramı Astara şəhərində davam edib.
Anar Kərimov şəhərdəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edib.
Görüşdən öncə mədəniyyət naziri Anar Kərimov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət könüllüləri hərəkatının yaradılması, işlə təmin olunma, kitabxanaların müasirləşdirilməsi, müəssisələrin maddi-texniki təminatı, təmiri, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin təşviq edilməsi və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə qeyd olunan rayonlardan ümumilikdə 30-a yaxın vətəndaşın müraciətinə baxılıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər nəzarətə götürülüb.
***
Mədəniyyət naziri vətəndaşların qəbulundan sonra rayondakı bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.
Anar Kərimov əvvəlcə rayon Mərkəzi Kitabxanası ilə tanış olub. Nazirə kitabxananın fəaliyyəti, kitab fondu barədə ətraflı məlumat verilib.
Sonra Astara şəhər Oqtay Kazımi adına Uşaq musiqi məktəbinə baxış keçirilib. Qeyd olunub ki, 1966-cı ildən fəaliyyət göstərən məktəbdə 54 nəfər müəllim çalışır, müxtəlif ixtisaslar üzrə 228 şagird təhsil alır.
Nazir Astara Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Məlumat verilib ki, 1980-ci ildə yaradılan muzeyin fondunda ümumilikdə 7980 eksponat var, onlardan 2129-u daimi ekspozisiyada nümayiş olunur.
Anar Kərimov Astara məscidini də ziyarət edib. Bildirilib ki, XIX əsrə aid tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Məscid binası bişmiş kərpicdən inşa olunub.
Səfər çərçivəsində Anar Kərimov Astara şəhərindəki kilsə binasına da baş çəkib. Məlumat verilib ki, 1880-ci ildə inşa edilən kilsə binası yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır.
Anar Kərimov daha sonra Astara rayon Mədəniyyət Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, 1960-cı ildə yaradılan rayon Mədəniyyət evi 2015-ci ildən Mədəniyyət Mərkəzi kimi fəaliyyətini davam etdirir. Mərkəzin nəzdində “Sevinc” mahnı və rəqs ansamblı, “Gənclik” instrumental ansamblı fəaliyyət göstərir.
Nazir Astara Dövlət Rəsm Qalereyasına da baxış keçirib. Bildirilib ki, 1979-cu ildə təşkil edilən qalereyada təsviri sənətin müxtəlif növlərində əsərlər toplanıb. Rəsm dərnəyində uşaqlar sənətin sirlərini öyrənirlər.
***
Anar Kərimov Astara rayon Mədəniyyət Mərkəzində yerli mədəniyyət işçiləri ilə görüş keçirib.
Görüşdə diqqətə çatdırılıb ki, nazirlik sistemində idarəçiliyin təkmilləşdirilməsi kontekstində mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması prioritet məsələdir. Regionlara səfərlərin əsas məqsədi də yerlərdəki müəssisələrin fəaliyyətini nəzərdən keçirmək, mövcud imkanları və problemləri müəyyən etməkdir. Bu xüsusda qarşıda duran vəzifələrdən bəhs edən Anar Kərimov vurğulayıb ki, bölgələrin mədəni inkişafı yerlərdə mədəniyyət işçilərinin peşəkarlıq səviyyəsindən, təşəbbüskarlıqdan da asılıdır.
Görüşdə rayonun mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. Problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib.
Mədəniyyət.- 2022.- 16 mart.- S.1;4.