“Sərhəd bilməyən incəsənət”
Azərbaycan və Moldova
uşaq kitabxanalarının Novruz görüşü
F.Köçərli adına Respublika Uşaq Kitabxanası və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Novruz – milli-mənəvi dəyərlərimiz” adlı virtual görüş keçirilib.
Martın 16-da Bakı Avropa liseyində “Zoom” platforması üzərindən təşkil olunan görüşün məqsədi ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlığı inkişaf etdirmək, Novruzla əlaqədar milli adət-ənənələrimiz haqqında Moldovada yaşayan məktəbliləri məlumatlandırmaq idi. Onlayn görüşdə hər iki tərəfdən uşaqlar mövzu ilə əlaqədar fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Azərbaycanlı uşaqların ifasında Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub, şeirlər, mahnılar səsləndirilib. Dədə Qorqud, Bahar qızı, Novruz bayramının qəhrəmanları Kosa və Keçəl bayram əhval-ruhiyyəsini tədbirin qonaqlarına çatdırıblar.
Moldova məktəbliləri də “Martişor” adlı bahar bayramı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bayram martın 1-də qeyd olunur, həmin gün insanlar bir-birinə ağ və qırmızı saplardan hazırlanmış çələnglər, döş nişanları verirlər.
Xatırladaq ki,
F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Sərhəd bilməyən
incəsənət” layihəsi çərçivəsində
Ukrayna Milli Uşaq Kitabxanası ilə 2017-ci ildə “Dostluq kitabdan
başlayır”, 2018-ci ildə “Milli musiqi alətlərimiz”, 2019-cu ildə isə “Milli geyimlər və folklor”
adlı virtual görüşlər
keçirib.
Mədəniyyət.- 2022.- 18 mart.-
S.3.