Marneulidə Torpaq
çərşənbəsi təntənə ilə qeyd olunub
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Torpaq çərşənbəsi (ilaxır çərşənbə) xüsusi təmtəraqla qeyd olunub.
Marneulidəki “Azərbacan evi”ndə keçirilən bayram tədbirində Azərbaycanın Gürcüstandakı Səfirliyinin müşaviri Eldar Bayramov, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Anar Süleymanov, yerli bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bayram münasibətilə soydaşlarımızı təbrik ediblər.
Qeyd olunub ki, ilaxır çərşənbəsi Novruzun müjdəsini verir. Novruz təbiətin oyanışını simvolizə etməklə yanaşı, həm də birlik bayramıdır. Vurğulanıb ki, bu kimi bayram mərasimlərinin bir arada keçirilməsinin milli dəyərlərin qorunması və yaşadılmasında mühüm rolu var.
Tədbirdə “Sarvan” ansamblının ifasında milli və gürcü rəqsləri təqdim olunub, şairə Fatma Aslan, aşıqlar Nargilə, Qaran, populyar gürcü ifaçısı Dito Kisişvili, İrandan gələn aşıq İrfan və digər sənətçilər çıxış ediblər.
Mədəniyyət.-
2022.- 18 mart.- S.8.