Poeziyamızın iftixarı
Yaradıcılığı maraqla izlənən və sevilən ədiblərimizdən biri də poeziyamızın iftixarı Xurşidbanu Natəvandır. Bu il anadan olmasının 190 illiyi tamam olan şairənin yüksək humanizm ideyaları aşılayan, dərin lirizm ifadə edən yaradıcılığı dövrünün ədəbi mühitinə də mühüm təsir göstərib...
Xurşidbanu Natəvan 1832-ci ildə musiqi beşiyi, şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya göz açıb. Erkən çağlardan saray tərbiyəsi görüb, dövrün tanınmış alim və sənətkarlarından dərs alıb, çoxlu mütaliə edib.
Poeziyaya marağı erkən çağlardan başlayıb. Əvvəl-əvvəl “Xurşid” imzası ilə şeirlər yazıb. Həmin poetik düşüncələrin çoxu zamanın süzgəcindən keçməyərək itib-batıb. Ancaq cüzi bir hissəsi günümüzə gəlib çatıb. Araşdırmalardan məlum olur ki, şairə 1870-ci ildən etibarən şeirlərini “Natəvan” (köməksiz) təxəllüsü ilə qələmə alıb. Ədəbi ictimaiyyətdə tanınıb. Yaradıcılığı şair, aşıq və xanəndələr tərəfindən maraqla qarşılanıb.
Natəvanın şeirlərini oxuduqca hiss edirsən ki, onun poetik düşüncə və duyğularında sevinclə kədər vəhdət yaradıb. Bu həm də onun şəxsi həyatdakı dərd-sərindən, o cümlədən gənc övladını itirməsindən qaynaqlanırdı. Həyatın təzadları arasında köməksiz qalan şairə talesizliyi ilə barışmır:
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı!
O, yaradıcılığında üzgün naxışlara daha çox yer ayırsa da, gerçəkliklərə də biganə qalmır. Poetik yaradıcılığında əsasən aşiqanə, təbiət gözəlliklərinə həsr edilən, müasirlərinə yazdığı mənzumə və hüznlü şeirlər yer alıb.
X.Natəvan böyük oğlu Mehdiqulu xana həsr etdiyi “Ölürəm” rədifli qəzəlində ana qəlbinin sızıltıları, fəryadı eşidilir:
Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtahan, ölürəm.
Fəraqdan gecələr yatmaram
sabaha kimi,
Xəyali-zülfünə bağlı gedibdir can, ölürəm.
Çəkirdim həsrətini, görmədim,
xudahafiz!
Olubdur indi işim naləvü fəğan, ölürəm.
Bu şeirdə Natəvanın həsrət
və iztirab dolu mənəvi aləmi çox dumanlı görünür. Yüksək bədiiliklə yazılmış
şeirin misralarında
“fəraqdan gecələr
səbahə kimi” yatmayan, ayrılıqdan bağrı qana dönən ananın kövrək qəlbinin nə qədər şan-şan olduğunun şahidi olursan.
Şairə yaradıcılığında dini mövzulara da yer ayırıb. Onun “Əli
Əsgər”, “Zeynəb”,
“Qasim”, “Gəlməsin”
rədifli şeirləri
Kərbəla hadisələrinə
həsr edilib. İslam tarixinə bələd olan şairə bu əsərlərində
müasirlərinə mənəvi
təmizlik, xeyirxahlıq
və insanpərvərlik
duyğuları aşılamaq
istəyib.
Nə Misr olaydı, nə Kənan, nə həsrəti-Yəqub,
Nə xar olub qəmi-hicranda,
qərqi-matəm olaydı!
Nə çah olaydı, nə zindan, nə karvan güzəri,
Nə Yusifi bu bəlada
görən bir adəm olaydı!
Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı,
Nə rəhgüzərdə Züleyxa
qəmlə həmdəm
olaydı!
Nə
ah olaydı, nə əfsus, nə parə-parə könül,
Nə Natəvanın, ilahi, həvəsi dərhəm olaydı!
Vaxtilə şairənin dərin ictimai məzmun kəsb edən “Olaydı” qəzəli Xalq şairi Səməd Vurğunun diqqətini çəkib. “Xurşidbanu Natəvan” məqaləsində bu şeiri “böyük insanın qüssə və kədəri” kimi mənalandırıb.
Araşdırmalardan məlum olur ki, Natəvan Azərbaycan, fars dilləri ilə yanaşı, çığatay dilində də qiymətli mənzumələr yaradıb, Xaqani, Nizami və Füzuli kimi qüdrətli qələm sahiblərinin əsərlərinə nəzirələr yazıb. Şairənin 20 ilə qədər rəhbərlik etdiyi “Məclisi-üns” ədəbi cəmiyyəti o dövr Qarabağ və bütövlükdə Azərbaycan ədəbi mühitində mühüm iz qoyub.
Şairə 1 oktyabr 1897-ci ildə Şuşada vəfat edib. Ağdamda, İmarət qəbiristanlığında (Qarabağ xanlarının ailə məzarlığı) dəfn edilib.
Natəvanın ölümü dövrün ziyalılarını dərindən kədərləndirib, “Qafqaz” və “Tərcüman” qəzetlərində nekroloqlar dərc edilib.
Savalan Fərəcov
Mədəniyyət.-
2022.- 18 mart.- S.6.