Ceyran ilə əlvida”

 

“Dağıdılmış körpülər”in musiqisi kinodramaturqun xatirəsinə yenidən səsləndirilib

 

Dünya şöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar pianoçumusiqi redaktoru Riad Quliyev sənətkarın ssenari müəllifi olduğu “Dağıdılmış körpülər” (1996) filminə Rusiyanın Xalq artisti, bəstəkar Yevgeni Krılatovun yazdığı musiqini ifa edərək lentə yazdırıb.

Bu barədə məlumat verən pianoçu deyib: “1999-cu ildə ərsəyə gəlməsində Rüstəm İbrahimbəyovun da mühüm xidmətləri olan “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçirilirdi. Festival çərçivəsində tədbirdə bəstəkar Yevgeni Krılatov da iştirak edirdi. O, tədbirdə mənim ifamı  dinlədi, ad və soyadımı soruşdu. Dedi ki, “Dağıdılmış körpülər” filminə yazdığım “Ceyran ilə əlvida” musiqisinin əlyazmasını sənə hədiyyə edəcəm. Sənin ifanda o daha yaxşı səslənə bilər...”.

Pianoçunun ifasında “Ceyran ilə əlvida” musiqisinin videoyazısı kino ictimaiyyəti və musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Azərbaycan, ABŞ və Rusiya kinematoqrafçılarının iştirakı ilə çəkilən “Dağıdılmış körpülər” bədii filmi müharibə üzündən anasından ayrı düşən və ABŞ-da yaşayan gənc rejissor Ceffin kino çəkilişi üçün Azərbaycana gəlməsi, burada Ceyran adlı qızla tanış olmasından bəhs edir.

Rüstəm İbrahimbəyov Nizami Kino Mərkəzindən bu ifanın sədaları altında son mənzilə yola salınıb.

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.3.