Keşikçidağda Novruz adətləri
Martın 16-da “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində “Keşikçidağda Novruz adətləri yaşadılır” adlı festival keçirilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunan festival qədim adət-ənənələri yaşadan Novruz bayramı dəyərlərinin yeni nəslə aşılanması məqsədi daşıyır. Qoruğun informasiya mərkəzinin önündə təşkil edilən festivalda qazi və şəhid övladları da iştirak ediblər.
İştirakçılar saz, qara zurna, nağara, ud sədaları altında qarşılanıb. Kosa, Keçəl, Bahar qızı qonaqları salamlayıb.
Sonra qonaqlar Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla və alaçıqlarla tanış olublar. Saclarda milli mətbəximizin ləziz təamlarından göy qutabı və fəsəli hazırlanıb, kəklikotulu samovar çayı, paxlava, şəkərbura, səməni bayram süfrəsini bəzəyib.
Tədbirə qatılan ziyalılar, ictimaiyyət nümayəndələri Novruz bayramı və adətləri haqqında öz xatirələrini, fikirlərini söyləyiblər.
Milli geyimli oğlan və qızların iştirakı ilə “Yallı”, çiyinlərində səhənglə bulaqdan su gətirən qızların rəqsləri xüsusi maraqla qarşılanıb. Qoruğun yerləşdiyi Ceyrançöl ərazisində Dilboz cins atları ilə çövkən milli oyunu keçirilib.
Ceyrançöldə ta qədimdən heyvandarlıq ən əsas məşğuliyyət sahəsi olub. Bu torpaqlarda yaşayan yorğanı ağ buludlar, yastığı qayalar hesab edilən yapıncılı çobanların sayaçı sözləri altında qoyunlarını ağıla gətirməsi səhnəsi də maraqla qarşılanıb.
Tədbir bayram
tonqalının qalanması və ocaq ətrafında
“Yallı” rəqsi ilə başa
çatıb.
Mədəniyyət.-
2022.- 18 mart.- S.2.