“Dəyirmi masada Cabbar irsindən söhbət açılıb

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsi davam edir. Layihədə Azərbaycan milli musiqisi tarixində iz qoymuş görkəmli sənətkarların yaradıcılıq yoluna işıq salınır.

Martın 16-da layihə üzrə növbəti tədbir ustad xanəndə, bəstəkar, Xalq artisti Cabbar Qaryağdıoğluna (1861-1944) həsr edilmişdi.

Tədbirin aparıcısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığı haqqında söz açdı. O, Cabbar Qaryağdıoğlunu Azərbaycan milli musiqisi tarixində silinməz izi olan, Qarabağ muğam məktəbinin ölməz ənənələrini davam etdirən böyük sənətkar kimi səciyyələndirdi.

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov muğam ustadının böyük qardaşı və ilk müəllimi Məşədi Məhəmməd Bülbül haqqında danışaraq onun şeirlərindən nümunələr söylədi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva çıxışı zamanı muğam sənətimizin tarixionun inkişafında C.Qaryağdıoğlunun rolu haqqında söz açdı. Qeyd etdi ki, muğam professional sənətdir. Muğam dəyişmir, bu, olduqca savadlı, ruhlu musiqiçilərin məhsuludur.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev muğam dəsgahları, müasir xanəndəlikdə C.Qaryağdıoğlu ənənələrinin davam etdirilməsi ilə bağlı düşüncələrini bölüşdü. Diqqətə çatdırdı ki, görkəmli xanəndə Azərbaycan muğamının modelinə, onun texnikasına, qanun-qaydalarına dərindən bələd olan muğam ustası idi. C.Qaryağdıoğlunun güclü səsi, uzun nəfəsi, bir muğamdan digərinə keçmək üçün təsniflərdən məharətlə istifadə etməsi gənc nəslə örnək olmalıdır.

Yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, C.Qaryağdıoğlu haqqında iki sənədli filmin ssenari müəllifi Kəmalə Musazadə, yazıçı, jurnalist Kənan Hacı çıxışlarında xanəndə haqqında qələmə aldıqları əsərlər barədə məlumat verdilər.

Tədbirdə həmçinin BMM solistlərinin ifasında C.Qaryağdıoğlunun mahnılarından ibarət musiqi nömrələri təqdim olundu.

Qeyd edək ki, “Dəyirmi masa” layihəsinin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru Gülhüseyn Kazımlıdır.

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.3.