“Muğam
dünyasının Xanı” kitabı təqdim olundu
Martın 16-da Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından Mustafa Çəmənlinin “Muğam dünyasının Xanı” kitabının təqdimatı keçirildi. Kitabda Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinski haqqında xatirələr toplanıb.
Tədbiri açıq elan edən filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bildirdi ki, Xan Şuşinski Azərbaycan muğam sənətinin əsas sütunlarındandır. Xanəndə haqqında çox kitablar, məqalələr yazılıb, filmlər çəkilib. Ancaq “Muğam dünyasının Xanı” kitabı bunların arasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid diqqətə çatdırdı ki, Mustafa Çəmənlinin bədii əsərləri, hekayə, povest, xüsusilə də Qarabağın tarixi ilə bağlı yazıları, eləcə də milli musiqiyə xidmət göstərmiş insanların taleyi, həyatı barədə araşdırmaları hər zaman maraqla qarşılanıb. “Muğam dünyasının Xanı” kitabı da onun zəhmətinin növbəti bir məhsuludur.
Daha sonra çıxış edən Xalq artisti, tanınmış tarzən, professor Ramiz Quliyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Əməkdar artist Azad Şükürov xanəndə ilə bağlı xatirələrini söylədilər. Onlar kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirdilər.
Xan Şuşinskinin oğlu Aslan Cavanşirov və qızı Bəyimxanım Verdiyeva çıxış edərək kitabla bağlı fikirlərini bölüşdülər.
Müəllif Mustafa Çəmənli nəşrdə 32 sənətkarın xatirəsinin yer aldığını bildirdi. Dedi ki, xatirələrini bölüşən insanlar musiqi mədəniyyəti tarixində xüsusi yer tutduqları üçün kitabda hər bir sənətkar haqqında ensiklopedik məlumatlar verilib: “Məni qüssələndirən odur ki, o 32 nəfərdən 24-dü artıq həyatdan köçüb. Nə yaxşı ki, mən vaxtilə onların hər birini danışdırıb Xan Şuşinski haqqında xatirələrini qələmə almışam”.
Çıxışlardan sonra bədii hissə təqdim olundu. Konsertdə BMM-in solistlərinin ifasında Xan Şuşinskinin repertuarından mahnı və təsniflər təqdimat mərasiminə rəng qatdı. Əməkdar artistlər Gülüstan Əliyeva, Sevinc Sarıyeva, Bəyimxanım Vəliyeva, Səbuhi İbayev, xanəndələr Nisbət Sədrayeva, Rəvanə Qurbanova, Xəyalə Qafarzadə, Malik Həsənovun çıxışları alqışlarla qarşılandı. Xanəndələri BMM-in solistləri tarzən Rövşən Qurbanov, Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban) və Vasif Yusifli (ud) müşayiət edirdi.
Gecədə Xan Şuşinskinin nəticəsi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Fərid Hüseynovun fortepianoda çıxışı maraqla qarşılandı.
L.Azəri
Mədəniyyət.-
2022.- 18 mart.- S.3.