Bütövləşən mədəniyyətimizi
layiqincə tanıtmalıyıq
Bir qrup mədəniyyət
və incəsənət xadiminə mükafatlar
təqdim edildi
Martın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamları ilə (16 oktyabr, 17 noyabr 2021-ci il) təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdimetmə mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ilk olaraq Novruz bayramı münasibətilə iştirakçılara təbriklərini çatdırdı. Qeyd etdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət sahəsində çalışan insanlara hər zaman qayğı göstərir, onları diqqətdə saxlayırlar. Bugünkü təltifetmə mərasimi də bunun bariz nümunəsidir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini bildirən Anar Kərimov Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, mədəniyyətinin də bütövləşdiyini vurğuladı.
“Qarabağsız Azərbaycan mədəniyyəti bütöv ola bilməzdi. Bu gün Azərbaycan mədəniyyətinin, incəsənətinin bütövlüyünün şahidiyik. Fəxr edirik ki, bu günləri yaşayırıq. Ərazi bütövlüyümüzün bərpasından ötən qısa müddətdə Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görülüb. Keçən il mədəniyyət paytaxtımız Şuşa şəhərində müxtəlif tədbirlər keçirilib. Bununla da biz bütün dünyaya göstəririk ki, Qarabağa mədəniyyətimizi qaytarırıq”, - deyə nazir bildirdi.
Anar Kərimov vurğuladı ki, Vətən müharibəsi sona çatsa da, informasiya mübarizəsi davam etməkdədir: “Bu məsələdə mədəniyyət ictimaiyyətinin üzərinə də mühüm missiya düşür. Sizlər, bizlər öz cəbhəmizdə vəzifəmizi layiqincə yerinə yetirməli, mədəniyyətimizi həm ölkə daxilində, həm də xaricdə davamlı tanıtmalıyıq. Qarabağımızda mədəniyyətimizi dirçəltmək üçün əlimizdən gələni etməliyik”.
Prezident İlham Əliyevin 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzaladığını və bununla əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq olunduğunu deyən Anar Kərimov qeyd etdi ki, sənəddə əksini tapan əksər tədbirlərin icrası Mədəniyyət Nazirliyinə həvalə olunub. İl ərzində nazirlik tərəfindən bir sıra layihələr həyata keçiriləcək. İki gün öncə nazirliyin “Şuşa söhbətləri” layihəsinin təqdimatı keçirildi. Mən əminəm ki, “Şuşa İli”ni sizinlə birgə layiqincə keçirəcəyik”.
Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Xalq rəssamı”, “Əməkdar rəssam” fəxri adları, 2-ci dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin mükafatları sahiblərinə təqdim olundu.
“Tərəqqi” medalına layiq görülən Əməkdar artist Bəhram Bağırzadə Vətən müharibəsində xalqımıza Zəfər sevinci yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov isə “Tərəqqi” medalı ilə təltif olunmasına və teatra göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə etdi.
Mərasimin sonunda xatirə şəkli çəkdirildi. Nazir Anar
Kərimov bir daha mədəniyyət və incəsənət xadimlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar,
cansağlığı arzuladı.
Nurəddin
Mədəniyyət.-
2022.- 18 mart.- S.1;2.