İlimizin baharı – ruhumuzun bayramı

 

 

Qalibiyyət ovqatlı ikinci Novruzumuz mübarək!

 

 

 

Milli-mənəvi irsimizin ən qədim yaddaşı və zəngin saxlancı olan Novruz martın 20-də torpağımıza qədəm qoyur. Azərbaycan xalqı əsrlər boyu baharın gəlişini sevinclə, təmtəraqla qarşılayıb. Əcdadlarımız Novruzu oynaq, lətafətli nəğmələr, yaradılışın ilkin atributları –  su, od, yel və torpağı təcəssüm etdirən mifoloji görüşlərlə bağlı ayin və mərasimlərlə bəzəyiblər.

Novruz qədim dövrlərdən bərəkət və firavanlığın rəmzi kimi bayram edilib. Bir dönəm siyasi-ideoloji qadağalar bunun üzərinə kölgə salsa da, xalq öz içində bayramın irsinin itməsinə yol verməyib, onu yaşadıb. Azərbaycan müstəqillik əldə edəndən sonra Novruz dövlətimizin rəsmi bayramları sırasında haqq etdiyi yeri qazanıb.

Rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapıb. Qloballaşma dalğasının vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bu zamanda Novruz həm də tarixi-mədəni irsə bağlılığımızın ifadəsidir. Onun UNESCO-nun bəşəri irs xəzinəsinə daxil edilməsi, BMT tərəfindən beynəlxalq bayram elan olunması da bizim üçün iftixardır.

Novruz – həyatın yenilənməsi, təbiətin dirçəlişi, ruhumuzun bayramıdır. Artıq ikinci ildir bu bayramı bizi dünyaya məğrur xalq  olaraq tanıdan şanlı Zəfərin tariximizə bəxş etdiyi əbədi bahar havasında, qalibiyyət ruhunda qarşılayırıq. Bu qalibiyyət ovqatını bizə yaşadan, Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda edən qəhrəmanları bir daha  rəhmətlə anırıq.

Ötən Novruzdan bu yana işğaldan azad olunmuş yurd yerlərimizdə geniş quruculuq işləri başlanıb. İrəlidə bizi daha böyük işlər gözləyir. İnanırıq ki, bu baharın qurub-yaratmaq əzmini artıran havası torpaqlarımızın dirçəlişinə yeni nəfəs, bərpa-quruculuq işlərinə yeni həvəs bəxş etməklə, yurd yerlərimizə Böyük Qayıdışı daha da tezləşdirəcək. Qalibiyyət ovqatlı ikinci Novruzumuz mübarək!

 

Mədəniyyət.- 2022.- 18 mart.- S.1.