Azsaylı xalqların mədəni irsi diqqət mərkəzindədir

 

Qaxingiloy kəndində Mədəniyyət evinin yeni binası istifadəyə verilib

 

 

 

Martın 28-də Heydər Əliyev Fondunun Qax rayonunun Qaxingiloy kəndində inşa etdirdiyi Mədəniyyət evinin açılışı keçirilib.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov rayon sakinlərini, Mədəniyyət evinin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin təhsil, mədəniyyət, idman və digər sahələrində müxtəlif layihələr həyata keçirir. Qaxingiloy kəndində Mədəniyyət evinin istifadəyə verilməsi də bu layihələrin real nəticəsini göstərir: “Burada gənclərin, kənd sakinlərinin asudə vaxtlarının, mədəni istirahətlərinin səmərəli təşkili üçün müxtəlif layihələr həyata keçiriləcək. Mədəniyyət evi həm kəndin, həm də rayonun ictimai-mədəni həyatına öz töhfəsini verəcək”.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxışında diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək rayonda iki məktəb binası və iki uşaq bağçası istifadəyə verilib. Qeyd edilib ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara Azərbaycan dövləti tərəfindən daim xüsusi qayğı göstərilir. Yeni istifadəyə verilən Mədəniyyət evi bütövlükdə ölkəmizdə aparılan multikulturalizm və tolerantlığın qorunması, inkişaf etdirilməsi ilə bağlı siyasətin yerlərdə həyata keçirilməsinin bariz nümunəsidir.

Mədəniyyət evinin direktoru İaqo Kasiaşvili və kənd sakini Zaira Kuloşvili çıxış edərək Azərbaycanda azsaylı xalqların mədəniyyətlərinin, adət-ənənələrinin qorunmasına və inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sakinlər adından minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Qaxingiloy kənd Mədəniyyət evininİmedi” rəqs qrupu çıxış edib.

Qeyd edək ki, Qaxingiloy kənd Mədəniyyət evi 1965-ci ildən fəaliyyət göstərir. Mədəniyyət ocağının binası uzun illər istismarda olduğundan yararsız vəziyyətə düşmüşdü. 2020-ci ilin martında bina tamamilə sökülərək yerində yeni ikimərtəbəli bina inşa olunub. Bina mebel və avadanlıqla təchiz edilib, həyətdə abadlıq işləri aparılıb. Geniş tamaşaçı zalı və səhnəsi olan binada rəssam və heykəltəraşlıq, ansambl və ədəbiyyat dərnəkləri üçün otaqlar da var.

Mədəniyyət ocağında 1982-ci ildən “Şvitkatsogürcü xalq xoru və 1991-ci ildən “İmedi” rəqs kollektivi fəaliyyət göstərir. Hər iki kollektiv rayonrespublika səviyyəli tədbirlərdə, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdə, festivallarda uğurla çıxış edərək diplom və fəxri fərmanlara layiq görülüb. “Şvitkatsoxoru 2021-ci ilin mayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında Qax rayonunu uğurla təmsil edib.

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.4.