YARAT-da
belçikalı rəssamın
sərgisi
“Panoptikum:
Təpəgözün baxışında
donmuş anlar”
YARAT Müasir İncəsənət
Mərkəzində belçikalı
konseptualist rəssam Mişel Fransuanın “Panoptikum: Təpəgözün
baxışında donmuş
anlar” adlı fərdi sərgisi keçirilir.
Sərgi restriktiv, süni vasitələr və onu əhatə edən təbii elementlər arasındakı dialoq kimi nəzərdə tutulub və azadlıq ehtirasını simvolizə edir. İmmersiv instalyasiya, rəssamın Bakıdakı tədqiqat rezidenturasının nəticəsidir və ətrafdakı obyektlərə siklopik (təpəgöz) gözlə baxan müşahidə qülləsinin mərkəzi hissəsindən ibarətdir. Panoptikum (yunanca “hər şeyi görən”) hər şeyi müşahidə edir, həmçinin bizim varlığımızı çağırılmamış qonaqlar və ya şahidlər kimi əks etdirir.
M.Fransuanın əsəri ilhamını XVIII əsrdə sosioloq və filosof Ceremi Bentam tərəfindən ixtira edilmiş institusional həbsxana nəzarət sisteminin memarlıq modelindən alır. Dairəvi müşahidə otaqlarının pəncərələrini güzgülərlə əvəzləyən rəssam qüllənin strateji məqsədini tərsinə çevirir.
Beləliklə, M.Fransuanın sərgisi şəxsi həyatın toxunulmazlıq hüququnu sanki “oğurlayan və talayan” nəzarət cihazlarının sui-istifadəsindən bezmiş bugünkü cəmiyyətin skeptik tənqidi kimi başa düşülə bilər.
Sərgi bizi reallığın və hər günümüzün dalğaları üzərində gəzinməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir. Onun əsərlərinin mərkəzində kiçik, sadə təsvirlərin və predmetlərin mürəkkəb dünyada bizim bəşər övladları olaraq necə davrandığımıza qərar verən əsas elementlər kimi çıxışını təhlil etmək ideyası durur.
Kuratoru Barselonada yaşayan belçikalı rəssam Erix Vays (Erich Weiss) olan sərgi oktyabrın 4-dək davam edəcək.
Mədəniyyət.- 2022.- 30 mart.-
S.3.