Rollarda yaşanan aktyor ömrü

 

Son illər sənət fədaisi olan hər hansı aktyor haqqında söz açmaq istədikdə onların səhnə obrazlarının cizgiləri hər zaman gözlərim önündə dayanır. Onun haqqında yazmaq qərarına gəldikdə isə daxilimdə bir narahatlıq hissi yarandığından tərəddüd edirdim. Bu narahatlığın isə bir səbəbi vardı. Haqqında yazmaq istədiyim aktyorun Gəncə Dövlət Dram Teatrının səhnəsində yaratmış olduğu obrazların ümumi təhlili və xarakterik cizgilərini dolğun şəkildə oxucularımla bölüşə bilməməkdən yaranan narahatlıq...

İlk öncə qeyd etməliyəm ki, o, tipik, xarakterik rollar ifaçısı olaraq bir qədər romantikaya meyilli, realist yaradıcılıq üslublu sənət məktəbini keçmiş aktyorlarımızdandır. Yaşasaydı, bu il 70 illiyini qeyd edəcəkdi – Əməkdar artist Əlican Əzizov. Mərhum sənətkarı yubileyi ilə əlaqədar yada saldıq.

Əlican Süleyman oğlu Əzizov 23 fevral 1952-ci ildə Özbəkistanın Fərqanə vilayətinin Vadil rayonunda anadan olub. Əslən Ahısxa türkü olan Əlican Əzizovun ailəsi və soydaşları 1944-cü ilin noyabr ayında Stalinin əmri ilə elliklə Gürcüstandan Orta Asiyaya sürgün olunub.

1959-cu ildə Əlicanın ailəsi Azərbaycana köçübo, orta təhsilini Gəncədə alıb. Bacısı Nərminə Əzizova uşaqlıq illərini xatırlayarkən qardaşı haqqında deyir: “Biz ailədə yeddi uşaq olmuşuq. Atamızı bədbəxt hadisə nəticəsində çox erkən itirmişik. Anamız Xeyriyyə xanım bizi min bir əziyyətlə böyüdüb, özü təhsilsiz olsa da, ailədə hər birimizin ali təhsil alması üçün çox əziyyət çəkib. Əlican evin ikinci uşağı olub. O, çox kiçik yaşlarından böyük qardaşımla bərabər ailənin qayğısını çəkib, işləyib, pul qazanıb. Hələ tələbə olarkən axşamlar OperaBalet Teatrında işləyib, aldığı əməkhaqqını isə dolanışığımız üçün bizə, Gəncəyə göndərib. Qardaşım həmişə təhsilimizlə maraqlanıb, bizi daha yaxşı oxumağa həvəsləndirib. Bizdə ədəbiyyata, şeirə, incəsənətə maraq və məhəbbət məhz onun sayəsində yaranıb. Mən orta məktəbdə oxuyarkən ədəbiyyat dərsində keçdiyimiz əsərləri onunla səhnələşdirərək əlamətdar tədbirlərdə çıxışlar edərdik. Ədəbiyyat müəllimimiz bu işə kömək etmək üçün həmişə Əlicana müraciət edərdi. O da məmnuniyyətlə gələr və məzunu olduğu orta məktəbin hər bir işində köməklik göstərərdi. Fərəhim, güvən yerim olan əziz qardaşım haqda heç vaxt keçmiş zamanda danışmaq istəmirəm...”.

Sənətkarın digər bacısı Səkinə Əzizova deyir ki, orta məktəbdə oxuyarkən inşa yazılarımıza, ifadəli şeir söyləməmizə hər zaman Əlican kömək edərdi: “O, böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edən, hər kəslə ünsiyyət qura bilən insan idi. Onun həm də səlis nitqi, gözəl qiraəti vardı. Uşaqlıqda babam bizə növbə ilə xalq dastanlarını, nağıllarını oxutduranda intizarla məhz Əlicanın oxumağını gözləyər, hamı kimi mən də maraqla dinləyərdim. Gözəl yaz günlərində pəncərədən boylanarkən küçədə futbol oynayan oğlan uşaqlarına, bir də çarpayıda uzanıb kitab oxuyan qardaşım Əlicana baxıb öz-özümə nə üçün onun da oynamağa getmədiyinə təəccüblənərdim. Bunun səbəbini sonralar başa düşdüm. Onda kitab oxumağa o qədər maraq vardı ki, cibindəki son qəpiyini belə kitaba, jurnala verərdi. Buna görə də 70-ci illərdə evimiz kitabxananı xatırladardı...”.

 

***

 

Əlican Əzizov 1971-1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dramkino aktyoru fakültəsində təhsil alıb. 1975-1998-ci illərdə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Həmçinin paralel olaraq 2008-ci ilədək Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirib. 2008-ci ildən isə bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, 1978-ci ildə “Yaradıcı gənclərə baxış” müsabiqəsinin qalibi, 1985-ci ildə isə respublikada “Ən yaxşı kişi rolunun ifaçısı” kimi tanınıb. 2000-ci ildə “Əməkdar artist” fəxri adına, 2006-cı ildə isə Prezident mükafatına layiq görülüb.

 

Aktyorun Gəncə Dövlət Dram Teatrında yaratdığı A.Şaiqin “Gözəl bahar”ında Külək, C. Cabbarlının “1905-ci ildə” əsərində Volodin, “Almazda Prokuror, H.Cavidin “Maral”ında Arslan bəy, S.Vurğunun “Vaqif”ində Vidadi, “Fərhad və Şirin”ində Azər baba kimi obrazları maraqla qarşılanıb. O, həmçinin Z.Xəlilin “Şairin yuxusunda Xaqani, B.Vahabzadənin “Yağışdan sonra”sında Rüstəm, M.İbrahimovun “Həyat”ında Akif, Y.Əzimzadənin “Anacan” əsərində Komissar, A.Məmmədovun “Ulduzlar görüşəndə” əsərində Mövlanə Cəmaləddin, “Bəraət”ində Temraz, İ.Şıxlının “Dəli Kür”ündə Çernyayevski, N.Həsənzadənin “Atabəylər”ində Atabəy Qızıl Arslan, Ə.Hacızadənin “İtkin gəlin”ində Yusif, İ.Əfəndiyev “Üçatılan”ında Alış və digər əsərlərdə yaddaqalan obrazlara həyat verib.

Əlican Əzizov dramatik xarakterli səsi, coşqun daxili temperamenti ilə hər zaman səhnədə mürəkkəb və psixoloji rollara əzəmətli monumentallıq verə bilirdi. Aktyor yaratdığı obrazlara emosionallirik-psixoloji ovqat bəxş etməklə tamaşaçılara ülviyyət aşılamağı bacarırdı. O, bu zaman kəsiyində dəyişmə prosesində səsinin çalarlarından dəqiqliklə istifadə edirdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Xəzər Gəncəli aktyor haqqında deyir: “Mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsinə 1973-cü ildə daxil olanda Əlican Əzizov iki il idi ki, Dramkino aktyoru fakültəsində təhsil alırdı. Bildiyiniz kimi, Səməd Vurğununİnsanpyesi müəllifin sağlığında, həm də onun haqq dünyasına qovuşmasından sonra bir neçə dəfə tamaşaya qoyulub. 1973-cü ildə isə bu pyesə yenidən görkəmli rejissorumuz, Xalq artisti Mehdi Məmmədov Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində müraciət etdi. Rejissor assistenti olan Ədalət Ziyadxanov institutun tələbələri Fikrət Quliyev, Aslan Sultanov, Elmira Məlikova, Ramiz Hüseynov, Pərviz Məmmədov, Hüseynağa Atakişiyev, Ağalar İdrisoğlu, Cahangir Novruzov və Əlican Əzizovu da bu tamaşada kütləvi səhnələrə məşqlərə cəlb etdi. Əlican Əzizovla ilk tanışlığım məhz bu məşq proseslərindən başladı. O, həddən artıq təvazökar, səmimi və çox istedadlı bir gənc idi. Birinci kurs tələbələrinə xüsusi qayğı ilə yanaşaraq öz diqqətini əsirgəmir, kütləvi səhnələrdə mövcud vəziyyətlərə uyğun hərəkətlərimizin rejissor traktovkasına uyğun olması üçün tövsiyələrini bildirərdi. Onun istiqanlılığını və insani keyfiyyətlərini heç zaman unuda bilmərəm”.

Aktyor xarici müəlliflərdən O.Kamalın “Yad qızı”ında Məhzər bəy, “72-ci kamerada Kapitan, V.ŞukşininDiribaş adamlar”ında Adi adam, V.Şekspirin “III Riçard”ında Hersoq Bekingem, M.Kərimin “Odu atma, Prometey!” əsərində Əcəmşah, Sofoklun “Antiqona”sında Birinci qasid, M.Şatrovunİnqilabi etüd”ündə Dolqov, R.Tomanın “Tələ”sində Komissarbaşqa obrazlarda da səhnə məharəti göstərib. Bu obrazlarda aktyorun özünəməxsus cəhətlərindən biri də hadisələrin yüksək psixoloji-dramatik məqamlarında daxili ehtirasını səfərbər etməsi ilə qəhrəmanlarının mənəvi gərginliyini sifət cizgilərində qabarıq formada canlandıraraq mürəkkəb vəziyyətləri mənalı pauzalarla dolğunlaşdırması idi. Əlican Əzizov məhz səhnə əsərinin məzmunundan çıxış edərək obrazın fəlsəfi-psixoloji mahiyyətinə uyğun, tamaşanın janrı ilə həmahəng səsləşən forma qurmağı səhnədə ustalıqla bacarırdı.

 

***

 

Əlican Əzizov həmçinin Gəncə Dövlət Nizami Poeziya Teatrının səhnəsində də maraqlı obrazları ilə diqqət mərkəzində olmağı bacarıb. Belə ki, A.Murovdağlının “Şeyx Şamil”ində İmam Şamil, A.Babayevin “Memarın məhəbbəti”ində Aparıcı və Qızıl Arslan, Z.Xəlilin “Gəncə qartalı”nda Axsitan, B.Vahabzadənin “Şəbi-hicran”ında Füzuli, S.Vurğunun “Fərhad və Şirin”ində Xosrov, N.Gəncəvinin əsərləri əsasında “Sevgi dastanı”ında Fərhad, “Ədalət sorağında” əsərində İsgəndər, “Xəmsə”də Fərhad obrazları maraqla qarşılanıb. Aktyor həmçinin bu teatrın səhnəsində yaradıcılıq imkanlarını rejissor kimi də sınayaraq bir neçə əsərə quruluş verib.

Əlican Əzizov səhnə fəaliyyəti ilə yanaşı kinoda da çəkilib. “Azərbaycanfilm”in istehsalı olanSüd dişinin ağrısı” (1987), “Dairə” (1989), “Şahid qız” (1990), “Aşiqlər” (2008), “Cavad xan” (2009), “Fədakar” (2015) filmlərində maraqlı obrazları ilə yaddaşlarda iz qoyub.

 

Əməkdar artist Əlican Əzizov 9 fevral 2021-ci ildə, 68 yaşında Türkiyənin Bursa şəhərində vəfat edib, Hamitlər qəbiristanlığında torpağa tapşırılıb.

 

Anar Burcəliyev

teatrşünas-tənqidçi

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.6.