“Kitab
marketinqi” mövzusunda
ustad dərsi
Bakı Dövlət Universitetinin
(BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim
heyəti, doktorant və magistrantların iştirakı ilə ölkəmizdə qeyd olunan Elm Günü (27
mart) münasibətilə silsilə
tədbirlər çərçivəsində
ustad dərsi təşkil olunub.
Ustad dərsində
Mədəniyyət Nazirliyi
Kitab sənayesi şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru Akif Marifli “Kitab
marketinqi” mövzusunda
məruzə ilə çıxış edib. Son dövrlər BDU-da təşkil olunan ustad dərslərini yüksək qiymətləndirən
şöbə müdiri
kitab marketinqinin məqsədi, mahiyyəti,
müasir dövrdəki
əhəmiyyəti barədə
məlumat verib. Qeyd edib ki, kitab
marketinqinin səmərəli
təşkili əlaqələrin
qurulması və geniş oxucu kütləsinin cəlb edilməsi baxımından
mühüm amildir.
Ona görə də kitab marketinqinə investisiya qoyulması kitab sənayesinin prioritetlərindən hesab
olunur. Bu prosesin aparıcı qüvvəsi olan marketoloqlar istehlakçı
təşviqinə şərait
yaradır, nəticədə
kitab bazarının canlanmasına, kitab məhsulunun ad və tiraj göstəriciləri
baxımından inkişafına
töhfələrini verirlər.
Mühazirədə kitab marketinqinin funksiyaları, marketinq planının elementləri, sosial media və blogerlərlə iş mexanizmlərinin tətbiqi, kitab reklamı kimi mövzular şərh edilib. Bu sahədə
dünya və Azərbaycan təcrübəsi
arasında paralellər
aparılıb, innovativ
istiqamətlərin tətbiqi
ilə bağlı səmərəli təkliflər
irəli sürülüb.
Akif Marifli həmçinin son dövrlər
Mədəniyyət Nazirliyi
tərəfindən kitabxana
və nəşriyyatların
fəaliyyət perspektivləri
ilə bağlı aparılan islahatlar, həyata keçirilən
layihələr və
müəyyənləşdirilmiş hədəflər barədə
də məlumat verib. Qeyd olunub ki, ölkənin kitabxana infrastrukturunun idarə edilməsində, oxuculara peşəkar kitabxana-informasiya
xidmətlərinin göstərilməsində
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi məzunlarının
mühüm rolu var və aparılan
islahatlar sayəsində
bu rol daha
da artacaq.
Ustad dərsi
auditoriya tərəfindən
maraqla dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb. Akif Marifli
dinləyicilərin suallarını
cavablandırıb.
Mədəniyyət.- 2022.- 30 mart.-
S.2.