Səsi də obrazlaşırdı...

 

Səhnə və ekran personajlarının xarakterik cizgilərini özünəməxsus şəkildə təqdim edən sənətkarlarımızdan biriXalq artisti Yusif Vəliyev olub. Görkəmli aktyor dramatik-psixoloji rolların bənzərsiz ifaçısı kimi yaddaşlarda dərin iz buraxıb. Sənətkarı anadan olmasının 105-ci ildönümü münasibətilə yada saldıq.

Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənd şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirib 1933-cü ildə Azərbaycana gələn Yusif Bakı Teatr Texnikumuna qəbul olunur. Tələbələr arasında qeyri-adi səhnə danışığı, aydın diksiyası ilə diqqəti çəkir. Ona görə də hələ tələbə ikən Azərbaycan Dövlət Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara dəvət olunur. O, eyni zamanda 1934-1939-cu illərdə Bakıda fəaliyyət göstərmiş Yəhudi Dövlət Dram Teatrında çıxış edib. Araşdırmalarda qeyd edilir ki, gənc aktyor yəhudi dilini bilməsə də, sözləri əzbərləyib və diqqətə çatdırıb.

Yusif Vəliyev texnikum təhsilini başa vurduqdan sonra təyinatla yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (Şəki) Dövlət Dram Teatrında işə başlayır. 1949-cu ilədək bu kollektivdə çalışır. Qısa zaman kəsiyində kollektivin və tamaşaçıların rəğbətini qazanır. O, Şəki səhnəsində N.Vəzirovun “Hacı Qəmbər” (Əşrəf bəy), “Müsibəti-Fəxrəddin” (Fəxrəddin), M.F.Axundzadənin “Hacı Qara” (Hacı Qara), “Molla İbrahimxəlil kimyagər” (İbrahimxəlil), S.Rəhmanın “Toy” (Surxay), “Xoşbəxtlər” (Sadıq), eləcə də C.Cabbarlının “Almaz” (Şərif), “1905-ci ildə” (General-qubernator), “Aydın” (Aydın), “Oqtay Eloğlu” (Oqtay), “Od gəlini” (Elxan), “Sevil” (Balaş), “Solğun çiçəklər” (Bəhram), S.VurğununVaqif” (Vaqif), Mirzə İbrahimovun “Həyat” (Süleyman), V.ŞekspirinOtello” (Yaqo), Ə.Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad) pyeslərinin tamaşalarında səhnəyə çıxır. Aktyor eyni zamanda operaoperettalarda da rol alıb. Şəki teatrında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında İbn Salam, “Arşın mal alan”, “O olmasın, bu olsun” və “Ər və arvad” operettalarında Vəli, Həsən bəy və Həsənqulu bəy, Mərcan bəy, A.MəşədibəyovunToy kimindir?” musiqili komediyasında Qoşun rollarında çıxış edib.

Artıq səhnədə özünü təsdiq edən Yusif Vəliyev 1949-cu ildə Bakıya gəlir. Əvvəl Rus Dram Teatrında işə düzəlir. Burada qısa müddət fəaliyyət göstərdikdən sonra Gənc Tamaşaçılar Teatrına dəyişilir. Teatrda bir-birindən maraqlı, sənətkarlıq baxımından kamil fəlsəfi-psixoloji, dramatikromantik rollara həyat verir.

Yusif Vəliyevin səhnə uğurları kimi kino yaradıcılığı da diqqətəlayiqdir. Aktyorun dublyaj fəaliyyəti çox maraqla qarşılanıb. Aydın tələffüzü, amiranə səs tembri sayəsində 30-dan artıq filmdə personajları maraqla səsləndirib. Aktyorun kinoda çəkildiyi rollar say baxımından çox olmasa da, bəzən həmin rolların bir epizodda görünməsi belə bədii dəyəri ilə seçilib. Daha doğrusu, obrazı yaddaqalan edərək sənət hadisəsinə çevirib. Buna görə də kinodublyaj rejissorları Yusif Vəliyevin səsindən daha çox bəhrələniblər.

Bayandır xan (“Dədə Qorqud”), Kərbalayı İsmayıl (“Axırıncı aşırım”), Şirin kişi (“Əhməd haradadır?”), Piri baba (“Qaraca qız”), Məstəli şah (“Dərviş Parisi partladır”), Yarməmməd (“Böyük dayaq”), Sərxan (“Dağlarda döyüş”), Veselinin atası (“Uzaq sahillərdə”) və s. obrazlar məhz onun səsi ilə tamaşaçı qəlbinə yol tapıb. Fərəməz (“Zirvə”), Balıqçı (“Sən nə üçün yaşayırsan?”), Şirməmməd (“Sən niyə susursan?”), Səfərəli (“Bir cənub şəhərində”), Fəttah (“Arxadan vurulan zərbə”), Halvaçı (“Qatır Məmməd”), Teymurləng (“Nəsimi”), Qılınc Qurban (“Tütək səsi”) isə görkəmli sənətkarın kinoda yaratdığı parlaq obrazlardır.

Teatrkino sənəti sahəsində yaratdığı zəngin irsə görə Yusif Vəliyevin əməyi yüksək qiymətləndirilir. 1960-cı ildə “Əməkdar artist”, 1979-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülür.

Araşdırmalarda o da qeyd edilir ki, “Nəsimi” (1973) filminin sınaq çəkilişlərində bir neçə aktyor iştirak edir. Filmin quruluşçu rejissoru Həsən Seyidbəyli hər rola uyğun aktyor seçimində çox tələbkar olur. Xüsusilə Əmir Teymur və Nəsimi rolları ilə bağlı Bədii Şura ilə o qədər də hesablaşmır. Sonda Teymurləng roluna Yusif Vəliyev, Nəsimi roluna isə gənc aktyor Rasim Balayevin çəkilməsi təsdiqlənir. Çəkiliş vaxtı maraqlı məqamlar da yaşanır. Nəsimi ilə Teymurləngin qarşılaşdığı səhnədə rejissor H.Seyidbəyli hiss edir ki, Teymurləng daha güclü alınır. Yəni Yusif Vəliyev sənətkar qüdrəti ilə gənc aktyor Rasim Balayevi – Nəsimini zəif salır. Rejissor fasilədə Y.Vəliyevi kənara çəkir və deyir: “Yusif, nəzərə al ki, biz “Nəsimi” filmini çəkirik, “Əmir Teymuru yox”.

Yusif Vəliyev deyərmiş ki, “Mən hər oynadığım obrazla yeni söz deyə bilərəm”. Teymurləng rolu ilə kinosevərlərin rəğbətini qazanan aktyor 1975-ci ildə “Tütək səsi” filmində yaratdığı Qılınc Qurban obrazı ilə bu fikrini təsdiqləyir. Görkəmli sənətkara filmin nümayişindən sonra iradlar tutulur. Deyirlər ki, Qılınc Qurbanı çox sərt oynamısan. O, iradlara cavab olaraq deyib: “Mənə elə gəlir ki, belə sərt olmasaydım, obrazı yarada bilməzdim. Çünki o dövr özü sərt olub. Nahaq yerə o kişinin adına Qılınc Qurban demirdilər ki...”.

 

Fərqli xarakteri, bənzərsiz sənətkarlığı ilə tanınan və tamaşaçı qəlbində heykəlləşən Xalq artisti Yusif Vəliyev 18 mart 1980-ci ildə vəfat edib. Bakıda “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2022.- 30 mart.- S.6.