Vaşinqton “Xarıbülbülün səsi”ni
eşitdi
ABŞ paytaxtında Qarabağ
ünvanlı xeyriyyə konserti
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın ABŞ-dakı Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə mayın 3-də Vaşinqton şəhərində “Xarıbülbülün səsi” (“The Voice of Orchid”) adlı xeyriyyə konserti keçirilib.
Vaşinqtondakı məşhur Kennedi Mərkəzində təşkil olunan tədbirə ABŞ-ın Marşal İrsi İnstitutu da dəstək verib. Qeyd edək ki, xeyriyyə konserti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə kömək məqsədilə təşkil edilib. Konsertdən əldə olunan vəsait Marşal İrsi İnstitutu tərəfindən işğaldan azad olunmuş ərazilərə minaaxtaran itlərin göndərilməsi üçün sərf olunacaq.
Konsertdə tamaşaçı qismində ABŞ ictimai-siyasi dairələrinin təmsilçiləri, konqres üzvləri, səfirlər, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və çoxsaylı amerikalı iştirak edib.
Konsertdən əvvəl Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, Marşal İrsi İnstitutunun icraçı direktoru Elis Beker çıxış ediblər. Nazir Anar Kərimov Azərbaycan musiqisi barədə tamaşaçılara məlumat verib, Vaşinqtonun Kennedi Mərkəzində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra Əməkdar artist, dirijor Fuad İbrahimovun idarə etdiyi Bakı Kamera Orkestrinin iştirakı ilə konsert
proqramı təqdim olunub. Konsertdə
Xalq artistləri – müğənnilər
Nəzakət Teymurova, Briliant
Dadaşova, qarmon
ifaçısı Ənvər Sadıqov, tarzən Elşən
Mənsurov, Əməkdar artistlər – müğənni Abbas Bağırov, tarzən Əliağa Sədiyev,
nağara ifaçısı Kamran Kərimov və digər sənətçilərimiz Azərbaycan musiqisindən
seçmə nümunələr ifa ediblər.
Mədəniyyət.- 2022.- 6 may.-
S.1.