Bizə Qələbəni yaşadanlar
üçün
“Mənim Azərbaycanım” – xeyriyyə konserti
Mayın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirildi. “Mənim Azərbaycanım” adlı konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə reallaşdı.
Konsertdən əvvəl mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək dedi ki, ölkəmiz tarixinin mahiyyət etibarilə yeni bir dövrünü yaşayır. Bu tarix çox şərəfli, qürurverici mərhələdir: “Əsas mahiyyət ərazi bütövlüyümüzün bərpasıdır. Əslində, ərazi bütövlüyümüzlə yanaşı, biz şərəfimizi də bərpa etmişik. Bu Qələbə ilə öz mədəniyyətimizi də bütövləşdirmişik. Çünki bu torpaqlarda əcdadlarımız hər zaman zəfər çalıb, bayraq ucaldıb, dövlət yaradıblar. Mədəniyyətimizdə vətən, ordu, əsgər, ləyaqət anlayışı hər zaman xüsusi mövqedə dayanıb. Ali Baş Komandanın rəhbərliyi, müzəffər Ordumuzun şücaəti ilə bu anlayış və dəyərləri mədəniyyətimizin bir hissəsinə çevirə bildik. Mədəniyyət Nazirliyi olaraq əsas məqsədimiz mədəniyyətin davamlılığını təmin etməkdir. Millətin kimliyi onun mədəniyyəti ilə ölçülür: musiqisi, muğamı, rəqsi ilə. Biz gələcəyə özümüz olaraq qədəm qoymaq istəyiriksə, mədəniyyətimizə, tariximizə sahib çıxmalıyıq”.
Elnur Əliyev konserti izləməyə gəlmiş bizə böyük Qələbəni yaşadan qazilərə ayrıca təşəkkür etdi: “Onilliklərlə yaddaşımızı silmək cəhdlərinə, tariximizin yanlış yozulmasına baxmayaraq, biz dar məqamda birləşməyi bacardıq və ordu olduq. Biz bu birliyi yaşatmalıyıq. Hər bir vətəndaş bu ölkənin təmsilçisi olmağı ilə fəxr etməlidir. Vətənimizin daşı olmağı bacarmalıyıq. Konsertdən əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək. Konsertə dəstək verən hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli fərmanına əsasən yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verilməsidir.
Qəhrəmanlıq, incəlik...
Konsert proqramı “Mənim Azərbaycanım” adlı kompozisiya ilə başladı. İlk çıxışdan rəqqaslarımız gurultulu alqışlarla qarşılandılar. Rəqslər bir-birini əvəz etdikcə, Azərbaycan igidlərinin qəhrəmanlığı və cürəti, qızlarımızın isə incəliyi və nəcibliyi nümayiş olunurdu.
Hər bir rəqs nömrəsi bir tarix, bir
anlam, bir mesaj idi. Ansamblın üzvləri
milli rəqslərimizin
möhtəşəmliyini dəqiqliklə, yüksək
peşəkarlıqla təqdim
edirdilər. Rəqqaslar rəqslərin
mahiyyətini, parlaq və geniş musiqi xarakteristikalarını,
səmimiliyi və milli zəminə bağlığı elə
məharətlə təqdim
edirdilər ki, bu möhtəşəmlik
qarşısında tamaşaçı
öz gurultulu alqışını əsirgəmirdi.
Qələbə ruhlu çıxışlar
zalda ecazkar bir qürur ovqatı yaratmışdı.
Rəqqaslar sanki uca dağların başında
qıy vuran şahinlərə bənzəyirdilər.
Milli geyimlərimizin bu anlamda ötürdüyü
aura da bu həmahənglikdə öz
sözünü deyirdi.
Milli rəqslərimizin hərəsi
bir tarixdir, bir nağıldır.
Filarmoniyanın səhnəsindən bütün zala qəhrəmanlıq nağılı
sədası yayılırdı.
Rəqqasələrin parlaq çıxışları
isə sanki su sonalarının süzməsinə bənzəyirdi. Melodik, rəngarəng,
temperamentli musiqisi ilə seçilən hər bir nömrə
yüksək dərəcədə
zövqlü palitrası
ilə fərqlənirdi.
Növbələşən rəqslərdə Azərbaycanın təbiət
gözəllikləri tərənnüm
olunur, sanki azad olunmuş torpaqların azad ruhu cövlan edirdi. Mədəniyyət paytaxtımız Şuşaya ərməğan
edilən bu rəqslər sanasan 30 ildir boynu bükülü
qalan xarıbülbülün
cilvəli rəqsi idi. İncəbelli Azərbaycan qızları
lirik əhval-ruhiyyəli
rəqsləri ilə
qəhrəman şəhid
ruhlarına sığal
çəkirdilər...
Məşhur xoreoqraf, Rusiyanın
Xalq artisti Dikalu Muzakayevin bədii rəhbərliyi ilə ərsəyə gələn proqrama Azərbaycanın milli rəqsləri, eləcə
də “Koroğlu” dastanının motivləri
əsasında hazırlanmış
birpərdəli milli balet də daxil
idi. Tamaşaçılar qəhrəmanlıq ruhunun əks olunduğu bu nümunəni də böyük maraqla qarşıladı.
“Bizim həyatımız rəqsdir”
Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət
Xəlilzadə konsert
sonrası təəssüratlarını
qəzetimizlə bölüşdü. Dedi ki, azərbaycanlılar musiqini, rəqsi dərindən bilən xalqdır. Onu təəccübləndirmək çox çətindir:
“Bu konsertdə isə
bir daha əmin olduq ki, bizim mədəniyyətimiz,
musiqimiz, rəqsimiz dünyada ən layiqli yerə malikdir. Bunu təsdiqləyən tamaşaçının alqışları
idi. Bizim həyatımız rəqsdir. Pandemiya səbəbindən həyatımızın ritmi
pozulmuşdu. Biz yenidən səhnəyə
qayıtdıq və şahid olduq ki, rəqslərimiz sevilir. Bir rəqs nömrəsinin
hazırlanması üçün
aylarla əziyyət çəkirik. Bu proseslərdə zədələr
də olur. Yalnız milli ruhda olan insanlar
bu əziyyətə
tab gətirib böyük
bir millətin mədəniyyətini yaşadıb
xalqa çatdıra bilər. Hər bölgəmizdə bu zənginlik var. Naxçıvanın Şərur
bölgəsində 100-ə yaxın yallı növü var. Bu, böyük
mədəniyyətə sahibliyin
nümunəsidir. Bu xeyriyyə konserti Mədəniyyət Nazirliyinin
təşəbbüsü ilə reallaşdı.
Həm sevindirici, həm də məsuliyyətli təklif idi. Şükürlər olsun, bu işin öhdəsindən
gəldik. Tamaşaçılar zalı tərk etmək istəmirdi və biz buna görə fəxr edirdik. Bədii rəhbər olaraq
çox qürurverici
idi ki, kollektivimiz
bu dərəcədə
alqışlarla qarşılandı”.
Gecədə təqdim olunan “Koroğlu” birpərdəli milli baleti haqqında da söz açan Rüfət Xəlilzadə dedi ki, Dövlət Rəqs Ansamblı Qafqazda bir ilkə imza atıb, analoqu olmayan xalq rəqslərindən ibarət milli balet tamaşası yaradıb: “Bu baletdə milli oyunlarımızdan, zorxanadan, ən qədim aşıq musiqisi, “Qoç Koroğlu”, “Koroğlu nağarası” musiqilərindən istifadə etmişik. “Misri”, qədim Naxçıvanın heç vaxt səhnədə olmayan yallı növü “Qaladan qalaya” yallısı da milli baletin bəzəyidir. Bu gün səhnədə gurultulu alqışlarla qarşılanan bu rəqsləri Əlibaba Abdullayev yaradıb. Necə ki, Üzeyir bəyin “Leyli və Məcnun”u yüz ildən çoxdur yaşayır, onun da sənəti beləcə yaşayacaq. Amma bir vaxtlar bu konsertdə ifa edilən rəqsləri “köhnədir” deyə səhnəyə çıxarmağa icazə vermirdilər... Kişilərimizin cəngavərliyi görünməlidir bu rəqslərdə. Yəqin ki, bu konsertdə bizim neçə növ milli papaqdan istifadə etdiyimizi gördünüz. Biz onların hamısını səhnəyə qaytarmışıq. Rəqs özü canlı tarixdir. Bizim milli rəqslər bir neçə mədəniyyət növünü bir araya gətirir. Folklor, adət-ənənə, milli geyim rəqsdə yaşayır. Arzum budur ki, biz bu zənginliyi dünya səviyyəsinə çıxarıb nümayiş etdirə bilək”.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” konsert proqramı ilk dəfə 2017-ci ildə sənətsevərlərə təqdim olunub. Həmin il kollektiv Moskva və İstanbul səhnələrində çıxış edib.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 11 may.-
S.1;2