Xıdır Nəbi bayramına həsr olunan festival

 

Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsindəki Ruhulla Axundov adına Mədəniyyət evində “Xıdır Nəbi” folklor festivalı keçirilib. Mayın 6-da gerçəkləşən “Multikulturalizm Buzovna məkanında” başlıqlı festivalın məqsədi qədim Xıdır Nəbi bayramını yenidən insanlara xatırlatmaq və bu vasitə ilə müxtəlif türk xalqlarının mədəniyyətini bir məkanda nümayiş etdirmək olub.

 

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin qazısı, yazar Soltan Əlizadə, Yazıçılar Birliyi Xəzər bölməsinin sədri, şair Arif Buzovnalı, Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndəsi Nurettin Erdoğan, Tatarıstanın (Rusiya Federasiyası) ölkəmizdəki daimi nümayəndəliyinin əməkdaşı Elmira Yusifli və digər qonaqlar, 125, 234 nömrəli orta məktəblərin və 4 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Əvvəlcə Mədəniyyət evinin foyesində türk xalqlarının milli mətbəxləri və əl sənətkarlığı  nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

 

Zalda davam edən tədbirdə Xıdır Nəbi bayramına həsr olunmuş səhnəcik təqdim olunub. AYB Xəzər bölməsindən gənc şairlər Təhirə Bərraq, Kamal Hüseynzadə və Nicat Nəsri mövzuya uyğun yazdıqları şeirlərini söyləyiblər. Bir-birindən gözəl mahnılar və rəngarəng rəqslər, “Adıgün” türk folklor kollektivinin üzvləri Cavad Mahmudov (zurna) və Nüsreddin Bayazov (davul) tərəfindən musiqi nömrələri ifa edilib.

 

Mədəniyyət evinin direktoru Afət İbrahimova, bədii rəhbəri Aynurə Osedova, metodist  Natəvan Hüseynova, mədəni-kütləvi tədbirlərin təşkilatçısı Elşən Məmmədov və bütün kollektivin fəal iştirakı ilə ərsəyə gələn festival qonaqlara zəngin təəssürat bəxş edib.

 

 

Mədəniyyət.- 2022.- 11 may.- S.5.