Özünü “Psix”liyə vurma!...
Yaxud bir Don Kixot
bəs edir
Elə də uzaq tarixin söhbəti
deyil. 2010-cu ilin
mayı idi. Qaranəfəs özümü Yuğ
Teatrına yetirdim.
Məşq izləyəcək, ardınca da müsahibə edəcəkdim.
Yuğçuların ustad hesab etdiyi (məncə, o, bütün zamanlar üçün o statusunda
qalacaq) teatrın bədii rəhbəri, hazırlanacaq yeni tamaşanın quruluşçusu
Əməkdar incəsənət
xadimi Vaqif İbrahimoğlu ilə.
Teatrın o vaxtkı binasına
daxil olan kimi qulağım bir səs aldı:
“Dörd aydır danışırıq, indi işləyək...”.
Vaqif müəllim gənc aktyorları və tələbələri başına
yığıb Migel
de Servantesin “Don Kixot” əsəri əsasında
səhnələşdirilmiş “Psix” tamaşasının məşqini edirdi.
Zalda mistik bir ovqat, qəribə
bir tərtibat vardı. Müsəlləh əsgər kimi
rejissorun qızı da yanda yerini
almışdı. Tamaşanın quruluşçu rəssamı
Umay Həsənova.
Əsas rollarda da Hikmət
Rəhimov, Toğrul Kamalov (tələbə), İlahə Həsənova,
Ruqiyyə Heydərova
(dublyor) oynayırdılar.
Daha doğrusu, məşq edirdilər.
Uzun çəkən – təxminən
üç saat sürən gərgin məşqi yarıqaranlıq
zalda sonadək dərin maraqla izlədim...
Budur, il olub
2022 və mən yenidən “Psix” ilə üz-üzə dayanmışam. Bu dəfə həmin tamaşada oynayan Toğrulun, indi Ər-Toğrulun quruluşçu
təqdimatı ilə.
Şaşırdımmı? Bir az. Çünki
12 il əvvəl
məşqini gördüyüm
səhnə əsərini
yenidən (tərtibat
xüsusiyyətlərindən musiqi həllinədək)
gördüm. Düzü, bu
məni həm də sevindirdi. Düşündüm ki, sağ olsunlar, ustadı unutmayıb və vaxtilə birgə işlədikləri tamaşasını
uzunömürlü və
fərqli etməyə
çalışıblar. Amma tamaşa barədə mətbuat üçün
yayılan məlumatda
bu barədə qeydə rast gəlməyəndə təəssüfləndim.
Axı, nə Vaqif müəllimin ölümündən onilliklər
keçib, nə də onun quruluş
verdiyi tamaşanın
məşqini izləyənlərin
yaddaşı itib...
Keçək ustad-tələbənin, dünən
ilə bu günün, yaşlı nəsil ilə gəncliyin ortaq fəlsəfə və estetikasında ərsəyə
gələn yepyeni “Psix”ə.
Təəssüratımdan əvvəl onu da deyim ki,
Akademik Musiqili Teatrın xüsusən
son zamanlar təqdim etdiyi eksperimentlər (bir sıra məqamlarda
mübahisəli olsa da) ümumilikdə maraqlı, cəsarətli
və rəngarəngdir. Bu premyeranı da o siyahıya daxil etmək olar.
Beləliklə, aprelin 29-da Akademik
Musiqili Teatrın səhnəsində Migel
de Servantesin “Ağıllı
zadəgan Don Kixot” romanı
əsasında hazırlanan
“Psix” adlı birhissəli cəngavərlik
oyununun premyerası oldu. Yuxarıda da dediyim kimi, tamaşanın rejissoru Ər-Toğrul Kamalovdur.
Müəyyən çalarlarına görə
tamaşadan çox performans təsiri bağışlayan (əslində,
bizim səhnəyə
indi daha çox bu lazımdır)
səhnə işi 18
yaşından yuxarı
tamaşaçılar üçün
nəzərdə tutulub. Tamaşanın musiqisində dahi bəstəkar Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən
istifadə edilib. Tamaşanın bədii rəhbəri
teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar
incəsənət xadimi
Fəxrəddin Atayev,
quruluşçu rəssamı
Vüsal Rəhimdir.
Don Kixot obrazını
Xalq artisti Pərviz Məmmədrzayev
ifa edir. Teatrın gənc
və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında
teatrsevərlərin qarşısına
çıxırlar.
Məlum hekayətin daha çox subliminal (şüuraltı)
mesajlarla pərdələndiyi
birsaatlıq tamaşada
biz personajların fərqli
təqdimatlarında, əslində,
özümüzə, ruh
halımıza baxdıq. Divanəliyimizə güldük, saflığımıza
sevindik, axmaqlığımıza
təəssüfləndik, günahsızlığımıza sızladıq, xudbinliyimizə
ürpəndik. Uzun sözün
qısası, özümüz
özümüzə xeyli
tamaşa elədik.
Gah dözüb, baxdıq, gah da tərk
edib getdik (zaldan çıxan 10-15 nəfər) özümüzü
aldatmağa. Amma
hər halımız ilə bizi özümüz
ilə baş-başa
buraxmaq istəyən
“Psix” çox da uzağa getmədən
istəyinə nail oldu.
Tamaşada yuğ estetikası, sözsüz ki, İbrahimoğlu üslubu
hakim idi. Buna müasir
dünya teatrında geniş yayılan, bizə görə cəsarətli, onlara görə statik gedişləri də qatsaq, ümumi planda üfüqün qızartısını görə
bildik. Ələlxüsus
da 18+ elementlər (əslində, başqa teatrda gördüyüm iki yeni tamaşa
da “18+”li idi və sağ
olsunlar, bunu afişada qeyd etməyə lüzum görməmişdilər), bir
az da o yana
getsəm, personajların
özlərini əldən
salanadək etdikləri
çılğınlıqlar itələyici həddə
deyildi.
Rejissor tamaşanın
ilk dəqiqələrindən bizi olacaqlardan hali etdi. Buna tərtibat mükəmməlliyi
də demək olar və mənə
görə, quruluşçu
rəssamın məsələyə
daha çox nüfuzu aydın sezildi. Sözsüz ki, Vüsal Rəhimin istedadı, maraqlı yozumu, bir az da Don Kixotluğu bu tamaşanın uğur açarı, mən deyərdim ki, şansıdır.
Quruluşçu rejissor həm də səhnələşdirmə
müəllifi olaraq bizə günümüzün
Don Kixotunu, əslində,
2022-ci ilin cəngavərlik
arzularını göstərdi. Onun sırf
zəmanə adamlarının
cəfəngiyat, xəyalpərəstlik,
başqa məqamlarda axmaqlıq dediyi xilaskarlıq missiyasına
əl bulaşdırması
və bu əsrə çarəsizlikdən
düşən Don Kixotlara
sahib çıxması, onlara
bəraəti aydın
(bəzən ifrat detallarda) görünürdü.
Biz istəsək də, onun gülünc qəhrəmanlarına – əndamı
əndazədən çıxmış
Dulsineyasına, özündən
başqa heç kimi dolaya bilməyən
Sanço Pansasına,
işindən fələk
də baş açmayan Xidmətçisinə
gülə, qəzəblənə,
bağlana bilmirdik. Bizim üçün əvvəldən
bu dünyanın adamı olmayan Don Kixot vacib idi
və bacardıqca onun faciəsinə, daha doğrusu, gülünc iradə nümayişinə diqqət
kəsildik.
Rejissorun kolorit verdiyi, atalar sözü, şifahi xalq ritorikası (Vaqif müəllim bunu müxtəlif ləhcələrlə
daha da azərbaycansayağı
etmişdi) ilə “rənglədiyi” cəngavərinin
təhtəlşüuri işarələri
maraqlı və dözümlü idi. Dözümlü demişkən, bunu deməsəm, dilim göynəyər. Son zamanlar, xüsusən pandemiyadan sonrakı premyeralarda ifadələr və jestlərdə jarqonlar, ifrat iyrənc işarəli (göstərməli) söyüşbazlıq
baş alıb gedir. Anlayıram, pandemiya dövrü və bu zaman
içində keçirilən
(yaxud oynanılan) yaradıcı “katarsis”ləriniz
söyüşlü ola bilər. Amma səhnə başqa mətləblər
ilə fikri diktə edir və söyüş yeri deyil...
Hə, onu deyirdim axı,
tamaşa bir az psixoloq
dinləməsinə, psixoterapevtik
akta, müayinə-müşayiətə
də bənzəyirdi.
Qarşılıqlı olaraq hər
kəs psixoloji nəbzini yoxlayırdı.
Elə səhnədəkilər də
bir-birinin.
Bilmirəm, bəlkə rejissor bunu özü belə qurmuşdu. Amma yaxşı düşünmüşdü. Heç bir obraza “gəl çıx yuxarı başa” ixtiyarını verməmişdi. Sadəcə, “meydan sənindi, görüm nə edirsən” var idi. Bir də aktyor ilə obrazı arasındakı rabitəyə nəzərəçarpacaq detallar ilə vizual pərakəndəlik vermişdi. Qalırdı onu toparlamaq. Bu da aktyorun işi, özü ilə obrazı arasında vəhdət bacarığıdır.
Tamaşanın sərsəm cəngavəri Don Kixot Pərviz Məmmədrzayevin ifasında inamlı təəssürat yaradırdı. Hərçənd onunla məzələnmək, daha doğrusu, oyuna çəkmək təcrübəli aktyor üçün elə də çətin olmadı və görülməyə dəyən Don Kixot idi. Həm texniki, həm də emosional baxımdan. Bu mənada sondakı ləngimə və gərəksiz çarmıx, müqəddəs ruha çevrilməsiz də təsirli, baxımlı alına bilərdi. Üstəlik, müəllifdən oxucuya hamımız Don Kixotun saflığının müqəddəslik həddinə biyət ediriksə, onu İsa (peyğəmbər) kimi qeybə çəkmək çox ritorik formadır və məncə, rejissorlar bundan imtina etməlidirlər.
Sanço Pansa (Nicat Əli) isə əlini sadiqlik oyunbazlığına bulamış uşağa oxşayırdı. O, özündən başqa hamını düşünüb, bütün diqqətini tərəf-müqabillərinə və zala verdiyindən (tamaşaçı üçün oynadığını səhnədə də unutmamaq aktyorun faciəsidir), replikalarından hoqqabazlığına tamaşaçının reaksiyasını sadalamağa baş sınırdığından, başdan sona uzunqulağa tərs mindiyindən hər an yıxılmaq qorxusu yaşayan uşağa bənzədi.
Dulsineya (Gültac Əlili) rejissorun “qapını aralı qoy” təlimatına “taybatay açdım” ilə cavab vermişdi. Özünə “qəhrəmanımı bütünlüyü ilə səhnəyə səpməliyəm”i təlqin etdikcə, “gözəllik” nümayişində çırpındıqca biz aktrisa olaraq roluna, əslində, nə qatdığını heç ayırd edə bilmədik...
Tamaşanın həm aktyor oyunu, həm də ümumi mizanında tam ahəngdarlığın olmadığı görünürdü. Amma nəzərə alsaq ki, bu, “yuğlama” estetikalı tamaşanın musiqili teatr səhnəsində “reinkarnasiya”sıdır, o zaman növbəti nümayişlərdə səhnədə bütün daşların yerinə oturacağını gözləmək olar...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 11 may.-
S.5.