Dünyanın dad və
ləzzətləri mədəniyyət paytaxtımızda
Şuşa Beynəlxalq Kulinariya
Festivalında 12 ölkə təmsil olunub
Xəbər verdiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 5-8 may tarixində kulinariya festivalına ev sahibliyi edib. Şuşa Beynəlxalq Kulinariya Festivalında 11 ölkənin və Azərbaycanın 11 iqtisadi rayonunun mətbəx nümunələri nümayiş olunub.
Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən festivalda Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edib. Tədbirə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya və Türkiyədən qida sahəsi üzrə ekspertlər, blogerlər də qatılıb. Qonaqlar peşəkar aşpazların ustad dərslərində iştirak etmək imkanı da qazanıblar.
Kulinariya festivalında Azərbaycanın Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digər iqtisadi rayonları təmsil olunur.
Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, mədəni irs nümunələri də təqdim edilib. Hər pavilyon qonaqları həmin ölkəyə xas musiqi ilə salamlayıb. İştirakçı ölkələrin mədəniyyətlərinə aid personajlar qonaqları maraqlı nömrələrlə əyləndiriblər. Festival günlərində incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim edilib, istirahət və əyləncə zonasındakı pavilyonlarda səhnəciklər, konsert və sərgilər təşkil olunub.
Kulinariya festivalının son günündə Azərbaycanın milli musiqiləri səsləndirilib, yerli tamaşa və filmlərdən
parçalar təqdim edilib.
Festival iştirakçıların Azərbaycanın
milli rəqsi – “Yallı” sədaları
altında rəqsi ilə yekunlaşıb.
Mədəniyyət.- 2022.- 11 may.- S.4.