Mədəniyyət naziri Dünya Abidələr Fondunun direktoru ilə görüşüb

 

 

Mədəniyyət naziri Anar Kərimov Nyu-Yorkda Dünya Abidələr Fondunun direktoru Benedikt de Monlorla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə A.Kərimov Azərbaycanın multikultural özəlliyindən, zəngin tarixindən bəhs edib. Həmçinin "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal təşəbbüsünün daşıdığı sülhpərvər missiya haqda məlumat verib. Diqqətə çatdırıb ki, bu təşəbbüsə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, UNESCO, ICESCO və digər beynəlxalq təşkilatlar dəstəklərini bildirirlər.

Nazir BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında "Mədəniyyət naminə sülh" (Peace4culture) qlobal çağırışının mütəşəkkil fəaliyyət planını imzalandığını da diqqətə çatdırıb.

Həmçinin, mədəni irsin bərpası və yenidənqurulması mövzusunun əsas məsələlər siyahısında olduğunu qeyd edib. Elə işğaldan azad olunmuş Qarabağ ərazisində də başlıca vəzifəmizin bu fəaliyyət növlərinin olduğunu deyib. Həmçinin Dünya Abidələr Fondu ilə bir sıra proqram və layihələrdə əməkdaşlıq etmək təşəbbüsünü də irəli sürüb.

 

De Monlor Fond haqda məlumat verərək, bu qurumun 1965-ci ildən etibarən fəaliyyət göstərdiyini deyib. Bugünədək 800-dən çox layihələrinin həyata keçirildiyini nəzərə çatdırıb. Fondun önəmli istiqamətlərindən birininİraq, Suriya kimi postmünaqişə dövründə olan dövlətlərin ərazisində dağıdılıb məhv edilmiş mədəni abidələrin bərpası və yenidənqurulması olduğunu deyib.

Sonda isə Mədəni İrsin Qoruması və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Qarabağ ərazisində aparılan genişmiqyaslı bərpa işləri haqda ətraflı məlumat təqdim edib. Hazırda işğaldan azad olunan ərazilərimizdə qeydə alınan dağıdılmış abidələrimiz barədə də statistikanın aparıldığını və həmin abidələrin qeydiyyata alındığını vurğulayıb.

 

Mədəniyyət.- 2022.- 11 may.- S.3.