“Sabir poeziya
günləri” beynəlxalq ədəbiyyat festivalına
çevrilə bilər
Xəbər verdiyimiz kimi, bu il görkəmli şair, maarifçi-pedaqoq Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə müxtəlif tədbirlər və layihələr nəzərdə tutulub. Bu il həmçinin söz ustadının adı ilə şərəflənən, 1962-ci ildə əsası qoyulan poeziya bayramının –“Sabir poeziya günləri”nin altmış illiyidir.
2020-2021-ci illərdə pandemiya səbəbindən keçirilməyən “Sabir poeziya günləri” bu il yenidən təşkil olunacaq.
Bu barədə qəzetimizə məlumat verən Azərbaycan Yazıçılar Birliyi (AYB) Şirvan bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirdi ki, “Sabir poeziya günləri” ənənəvi ədəbiyyat bayramı kimi yaşadılmalıdır: “Xalq şairi Rəsul Rzanın, digər görkəmli şair və ədəbiyyatşünasların təşəbbüsü ilə başlayan bu ənənəvi layihəyə sonralar atam Fikrət Sadıq da rəhbərlik edib. Yazıçılar Birliyinin Şirvan bölməsi olaraq Sabirin 160 illiyini keçirmək bizim üçün böyük şərəfdir. Şamaxı Rayon İcra Hakimiyyəti də bu tədbirin reallaşmasına öz töhfəsini verir. Şamaxıda keçiriləcək tədbirlərə Yazıçılar Birliyinin nümayəndələri də qatılacaq. Növbəti ildən biz bu poeziya bayramını beynəlxalq festival səviyyəsində təşkil etməyi düşünürük. Gürcüstan, Türkiyə, İran, Orta Asiyadan da qələm əhlini bu festivala dəvət edərək Sabirin irsini yaşatmalıyıq”.
O.Fikrətoğlu bildirdi ki, builki “Sabir poeziya günləri”nin açılışı iyunun 5-də Şamaxıda gerçəkləşəcək: “Həmin gün Sabir poeziyasını və ümumilikdə Azərbaycan ədəbiyyatını sevənləri Şamaxıda gözləyirik...”.
Lalə
Mədəniyyət.- 2022.- 13 may.-
S.3.